DGK-nın jurnalistlər üçün təşkil etdiyi təlim başlayıb - FOTOLAR - VİDEO

DGK-nın jurnalistlər üçün təşkil etdiyi təlim başlayıb - FOTOLAR - VİDEO

Dövlət Gömrük Komitəsinin (DGK) media nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda təlim başlayıb. SİA-nın məlumatına görə, Şəkidəki otellərdən birində keçirilən təlimin açılış mərasimində DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov tədbir iştirakçılarını salamlayıb və belə təlimlərin əhəmiyyətindən danışıb. O, jurnalistlərin gömrük sahəsindəki yeniliklərlə tanışlığının vacibliyini vurğulayıb.

Sonra Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov çıxış edib.

Baş İdarə rəisi DGK-da son illərdə aparılan köklü islahatların ticarəti və gömrük prosedurları ilə bağlı bütün prosesləri asanlaşdırdığını qeyd edib. Bildirib ki, gömrük islahatları dövlət başçısının müvafiq Sərəncam və Fərmanlarına uyğun həyata keçirilir: “Gömrükdə çox böyük dəyişikliklər baş verib. Bu dəyişikliklər Azərbaycancanın milli iqtisadiyyatının inkişafına hədəflənmiş islahatlardır. Azərbaycan gömrüyündə tam şəffaflıq bərpa olunub. Son bir ilin nəticəsi göstərdi ki, korrupsiyada əli olan gömrük əməkdaşları hüquq mühafizə orqanlarına təhvil verilir. 30-a yaxın belə gömrük əməkdaşının işi Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə verilib.

Gömrük əməkdaşları üçün kifayət qədər seminar və təlimlər keçirildiyini deyən M.Vahabov gömrük xidmətinin qanunvericiliklə tənzimləndiyini və burada qanundankənar heç nə ola bilməyəcəyini diqqətə çatdırıb: “Cənab Prezident tərəfindən 12 sahəni əhatə edən yol xəritələri təsdiqlənib. Bir sıra qanunverilicilik aktları imzalanıb. Burada biznes və investisiya mühitinin yaxşılaşdırılması nəzərdə tutulub. Bu hədəflər yerinə yetirildikcə milli iqtisadiyyat ikişaf edir, ümumdaxili məhsulumuz artır. DGK bu hədəflərə çatmaq üçün lazımı tədbirləri yerinə yetirməyə hazırdır və bu istiqamətdə fəaliyyət göstərir.

Hazırda 200-dən çox təsərüffat subyetinə “Yaşıl dəhliz” sistemindən istifadəyə icazə verilib. Bu, çox əlverişli bir şəraitdir. “Yaşıl dəhliz”dən istifadə, ondan istifadəyə icazə verilməsi və s. qaydalar var. Bu sistem fevralın 1-dən həyata keçirilir”.

Baş İdarə rəisi vurğulayıb ki, DGK hər il böyük məbləğdə artımla büdcə öhdəliyini yerinə yetirir.

O, təlim iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərnişin Dəhlizlərinin İdarə olunması şöbəsinin rəisi Vasif Qurbanov, Gömrük Risklərinin İdarəolunması və Təhlili İdarəsinin Gömrük risklərinin operativ araşdırılması şöbəsinin böyük inspektoru Orxan Vahabovun təqdimatı ilə təlimlər başlayıb.

Qeyd edək ki, təlim çərçivəsində bu gün Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə 305 saylı Qərarı, gömrük işinin təşkilində risk meyarı. Risklərin analizi sisteminin tətbiqi və əldə edilən nəticələr, “Yaşıl Dəhliz” buraxılış sistemi və ticarətin asanlaşdırılması ilə bağlı təqdimatlar olacaq, “Mazımçay” gömrük postunda “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqi ilə əyani tanışlıq təşkil ediləcək.

Növbəti iki gündə isə qısa idxal bəyannamələrinin ticarətin asanlaşdırılması və risklərin idarə edilməsindəki rolu, nəqliyyat vasitələrinin ölkə ərazisinə gətirilməsi, gömrük dəyərinin müəyyən edilməsi, gömrük sistemində informasiya texnologiyalarının tətbiqi ilə bağlı son yeniliklər, qaçaqmalçılıq və gömrük sahəsində hüquqpozmalar, gömrük sistemində həyata keçirilən islahatlar və media ilə bağlı təqdimatlar olacaq.

Sonda media nümayəndələrinə sertifikatlar təqdim ediləcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə