Qəzvin-Rəşt dəmiryolu xətti bu gün istismara veriləcək

Qəzvin-Rəşt dəmiryolu xətti bu gün istismara veriləcək

Martın 6-da İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ölkənin Gilan vilayətinə səfər edib. Həsən Ruhani səfəri çərçivəsində Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsinin istismara verilməsi mərasimində iştirak edəcək.
SİA xəbər verir ki, Rəşt şəhərində keçiriləcək mərasimdə xarici qonaqlar və İranda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı gözlənilir. Bu mərasimdə Azərbaycanı iqtisadiyyat naziri Şahin Mustafayev və ölkəmizin İrandakı səfiri Bünyad Hüseynov təmsil edəcəklər.
Xatırladaq ki, Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil etməklə yalnız İran ilə Azərbaycanın deyil, eyni zamanda, Rusiya və Şimali Avropa ölkələrinin də dəmir yolları sistemlərini birləşdirəcək.
Məhz bu yol vasitəsilə Fars körfəzi və Cənub-Şərqi Asiya ölkələri Avropa ilə ticarət əlaqələrini davam etdirəcək. Asiyadan Avropaya və əks istiqamətə yüklər Azərbaycan ərazisindən tranzit olaraq daşınacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə