"Fərman bankları düşdükləri ağır vəziyyətdən çıxaracaq" AÇIQLAMA-ÖZƏL

"Fərman bankları düşdükləri ağır vəziyyətdən çıxaracaq" AÇIQLAMA-ÖZƏL

“Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı Fərmanı ilə kreditlə bağlı məhkəmə çəkişmələri vətəndaşların xeyrinə həll olundu”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.

O bildirib ki, Fərmana əsasən 2015-ci ilin fevralın 21-dək olan kredit müqavilələri üçün hər dollara 0.25 manat dövlət tərəfindən ödəniləcək: “ 2015-ci ilin dekabrın 21-dək başlanan müqavilələrə görə isə hər dollara görə 0.60 manat ödənməsi irəli çəkilib. Bütün bunlar vətəndaşların kredit yükünün xeyli dərəcədə yüngülləməsinə səbəb olacaq”.

Ekspert söyləyib ki, ölkə başçısının fərmanı əsasında banklara güzəştli kreditlər təqdim olunacaq ki, bu banklara maliyyə institutları qarşısında yaranan öhdəlikləri yerinə yetirmək imkanı yaradır: “İkinci bir tərəfdən Mərkəzi Bankın banklara ayrılacağı 682 milyon manat nəticəsində vətəndaşlar aşağı faizlə kredit götürərək borclarını bağlamaq imkanı əldə edirlər”.

R.Atakişiyev qeyd edib ki, ümumilikdə fərman həm kreditlərlə bağlı uzun müddətli problemin aradan qaldırılmasını, həm bank sektorunda tələb və təklifin prinsiplərini pozmadan bu işi həyata keçirmək, həm də son dövrdə bankların düşdüyü ağır vəziyyətdən çıxmağa xidmət edir: “Bunun nəticəsində vətəndaşların uzun müddətdir kreditlərlə bağlı üzləşdiyi bütün problemlərə son qoyulacaq, onların sosial vəziyyəti daha da yaxşılaşacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə