Avropanın sahiblərini “Nabucco” ətrafına toplamaq mümkün olacaqmı?
Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Azərbaycan və Türkmənistana səfəri Avropanın "Nabucco" məsələsində nə qədər ciddi olduğunu ortaya qoydu. Səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" imzaladılar. Bu bəyannamə isə Azərbaycanın layihəni dəstəkləməsinin növbəti dəfə sübutu oldu. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, malik olduğu enerji ehtiyatlarının ixracında çoxşaxəlilikdə maraqlıdır.
Hazırda Avropanın qaza olan illik tələbatı 500 milyard kubmetr təşkil edir və bunun 300 milyard kubmetri idxal olunur. Yaxın 5-10 il ərzində Avropanın qaza olan tələbatının daha 100 milyard kubmetr artaraq 600 milyard kubmetrə çatacağı proqnozlaşdırılır. Eyni zamanda, Avropada qazın istehsalının 200 milyard kubmetrdən 100 milyard kubmetrədək azalacağı gözlənilir ki, bunun nəticəsində daha 200 milyard kubmetr qazın idxalına tələbat yaranacaq. "Nabucco Gas Pipeline International GmbH." şirkətinin prezidenti Reynhard Mitçek bir müddət əvvəl mətbuata açıqlamasında bildirib ki, Avropa bunun 100 milyard kubmetrini maye şəklində, digər 100 milyard kubmetrini isə adi qaz şəklində almaq niyyətindədir. R.Mitçek həmçinin qeyd edib ki, Avropa bazarının gələcəkdə qaza olan tələbatının artması "Nabucco" layihəsinin əhəmiyyətini artırır.
Avropanın qlobal maliyyə böhranından öncəki qaza olan tələbatının isə 2012-ci ildə bərpa olunacağı deyilir. Rusiyanın "Qazprom" şirkətinin İdarə Heyətinin sədrinin müavini Aleksandr Medvedevin sözlərinə görə, 2020-ci ildə Avropa İttifaqında daxili istehsalın azalması səbəbindən regionun qaza olan tələbatı artacaq. O, qeyd edib ki, proqnozlara əsasən, 2020-ci ildə Avropa İttifaqı ölkələrinin qaza olan tələbatı və daxili istehsalı arasında 380 milyard kubmetr fərq yaranacaq ki, 2030-cu ildə bu rəqəm 440 milyard kubmetrə çatacaq. "Qazprom"un özü 2010-cu ildə 519 milyard kubmetr qaz hasil edib. Şirkət 2011-ci ildə 528,6, 2012-ci ildə 542,4, 2013-cü ildə isə 565,5 milyard kubmetr qaz hasil etmək niyyətindədir.
Təbii ki, bu artım da Avropanın artan qaz tələbatı ilə ahəng təşkil edir. Rusiya hegomonluq etdiyi Avropa qaz bazarını heç kimlə paylaşmaq niyyətində deyil. Rusiyanın "virtual" adlandırdığı və iqtisadi baxımdan uyğun olmadığı iddia etdiyi "Nabucco"nun həyata keçirilməməsi üçün fəaliyyətini gücləndirib. Rusiya 2007 və 2008-ci ildə Qazaxıstan və Türkmənistan, 2009 və 2010-cu illərdə Azərbaycanla təbii qaz alışı üçün razılaşmalar imzaladı. Bundan əlavə 2007-ci ildə "Cənub axını" layihəsi üçün Rusiyanın İtaliya ilə razılaşması "Nabucco"nun işini daha da çətinə salıb. İtaliyanın "ENİ" şirkəti Rusiyanın "Qazprom" şirkəti ilə birlikdə "Cənub axını" reallaşdıracaq. "Nabucco" layihəsindən sonra ortaya atılsa da, bu gün "Cənub axını" daha yaxşı bir mövqedədir. "Cənub axını" ilə əlaqədar bir çox razılaşma əldə olunub, ancaq "Nabucco" barəsində bunları demək olmaz. Hansı ölkənin "Nabucco"ya hansı miqdarda qaz verəcəyi, layihənin necə maliyyələşdiriləcəyi və hansı ölkənin boru xəttindən hansı miqdarda təbii qaz götürəcəyi məsələsi hələ dəqiqləşməyib. AB ölkələri Almaniya, Fransa, İtaliya, Bolqarıstan və Macarıstanın ilə yanaşı Serbiya da "Cənub axını"ndan qaz almaq üçün "Qazprom"la razılıq əldə edib. Bir çox razılaşmalar isə Rusiya dövlət başçılarının səfərlərindən sonra imzalanıb. "Nabucco"nu dolduracaq təbii qazın tapılmasının mümkün olmadığını iddia edən Rusiyanın baş naziri Vladimir Putin "əgər bəziləri torpağı qazıb boru xətti tikmək istəyirsə, davam etsinlər, bizim üçün problem deyil" sözləri ilə layihənin gələcəyi olmadığına eyham vurmuşdu. Rusiya uğurlu bir strategiya nəticəsində ayrı-ayrı AB ölkələri ilə enerji sahəsində anlaşma əldə edərək üzv ölkələrin ortaq bir siyasət aparmasına əngəl törədir. Bir-birinə rəqib iki böyük boru xətti layihəsindən "Cənub axını" "Nabucco" qarşısında üstünlük qazanıb.
"Nabucco" ilə bağlı proseslərin bundan sonra hansı şəkil alacağı da təbii ki, Avropanın layihəyə verəcəyi dəstəkdən asılıdır. Lakin bu dəstəyin yetərincə, olduğunu demək olmaz. Rusiya ayrı-ayrılıqda Avropa ölkələri ilə müqavilələr başlamaqla Birlik ölkələri arasında fikir birliyinin olmasını əngəlləyir. Misal olaraq "Şimal axını" qaz kəməri ilə bağlı Rusiya və Moskva arasında əldə edilmiş razılaşmanı göstərmək olar. Kəmər Şərqi Avropadan quru yolla keçsəydi, indikindən xeyli ucuz başa gələrdi. Ancaq "Şimal axını"nın məqsədi lap əvvəldən Moskvanın öz təsir dairəsi hesab etdiyi ölkələrdən yan keçmək olub. Rusiyanın geosiyasi mesajı aydındır: Moskva Avropa Birliyinin yeni üzv dövlətlərinə tranzit ölkələr, yaxud da enerji istehlakçıları kimi etibar etmir və onlardan yan keçmək üçün xeyli vəsait xərcləyir. Digər tərəfdən Kreml Almaniyanın qaz təchizatını azaltmadan, hazırkı kəmərlə Şərqi Avropanın qazını kəsə biləcəyini düşünür. "Şimal axını" layihəsi Almaniyanın keçmiş kansleri Qerhard Şröder tərəfindən dəstəklənib. İndi o, layihənin rəhbərlərindən biridir. Hazırkı kansler Angela Merkel isə layihəni Avropa Birliyinin dəstəkləməsinə nail olub. Baxmayaraq ki, kəmər konsorsiumu İsveçrədə qeydiyyatdan keçib və Rusiyanın "Qazprom"u tərəfindən idarə olunur. Kəmərin tikintisinə onlarla şirkət cəlb edilsə də, onlardan heç biri Baltik, Mərkəzi və ya Şərqi Avropadan deyil.
Almaniyada keçirilən son seçkilər Rusiya ətrafı ölkələrdə bir qədər ümid yaratmışdı ki, Moskva yönlü Sosial Demokrat Partiyasının hökumət koalisiyasından çıxması ilə "Şimal axını" razılaşmasının şərtləri dəyişə və marşrutun Şərqi Avropa ərazisi və ya sularından keçməsi üçün Rusiyaya təsir edilə bilərdi. Ən azı ümid var idi ki, Berlin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyi üçün "Nabucco" kəmərini dəstəkləyəcək. Almaniyanın RWE şirkətinin "Nabucco" konsorsiumunun ortağı olması da ümidləri artırırdı. Əvvəllər ətraf mühit məsələlərini əsas gətirərək layihəni dəstəkləməyən Skandinaviya ölkələri də kəmərin tikintisinə razılıq verib.
Maraqlıdır ki, Avropa Birliyinin digər bir aparıcı ölkəsi olan Fransa da "Nabucco"ya yetərincə maraq göstərmir. Rəsmi Paris tələbatını ödəyəcək enerji mənbələri rolunda Orta Şərq və Şimali Afrikanı görür. Belə çıxır ki, layihənin həyata keçirilməsində Baltik, Mərkəzi və ya Şərqi Avropada yerləşən ölkələr daha maraqlıdır. Onların isə həlledici qərarların qəbulunda yetərincə, söz sahibi olmaması Rusiyanın iştahını daha da artırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB