Prezident İlham Əliyevin son zamanlar, imzaladığı sosialyönümlü Sərəncam və fərmanlar ölkə əhalisinin rifahını daha da yüksəltməyə hesablanıb. Xüsusilə, minimum əmək haqqının 38,5 faiz, minumum pensiyaların 116 manatdan 160 manata qaldırılması ciddi artımlardır. Həmçinin, bu il tələbələrin, şəhid ailələrinin və müharibə əlillərinin təqaüdlərinin, ötən ildəkilərdən xeyli dərəcədə artırılması, insanların həyatında müsbət dəyişikliklər yaradacağını göstərir. Əlbəttə, bu sosialyönümlü artımların təməlində, ötən illər ərzində, qazanılan iqtisadi uğurlar dayanır. Eyni zamanda, ölkə başçısının iqtisadi siyasətinin əsas məramı qazanılan uğurları əhalinin sosial rifahına istiqamətləndirməkdir.
Sözügedən artımlar ölkəmizdə yarana biləcək inflyasiya proseslərini də önləmiş olur. Xüsusilə, ərzaq məhsullarının bahalaşması tendensiyasına qarşı dövlətin həyata keçirdiyi ciddi tədbirlər öz bəhrəsini verir. Bu tədbirlərdən biri də ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Bunun üçün son bir neçə ildə ölkəmizin kənd təsərrüfatında aparılan iqtisadi islahatlar öz uğurlu nəticəsini göstərib. Belə ki, ötən il bu sahədə 4,3 faiz artım baş verib. Bütün bu uğurlara rəğmən, bu gün bəzi müxalifyönlü saytlar və sosial şəbəkələr qərəzli şəkildə bildirirlər ki, guya Azərbaycanda ərzaq məhsullarının qiyməti ciddi şəkildə artıb. Təbii ki, bütün bunlar dezinformasiyadır və qiymətlərin artırılmasına elə bir ciddi səbəb də yoxdur. Əksinə, Azərbaycan hökuməti daim çalışır ki, ərzaq məhsullarının bahalaşmasının qarşısını alsın və bu mənfi tendensiyanın ölkə vətəndaşının rifahına təsirlərini önləsin.
İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, dünya bazarlarında taxılın qiymətinin qalxmasına baxmayaraq, Azərbaycan dövləti çörəyin qiymətinin sabit qalmasına nail olub. Yəni yaranan əlavə xərcləri dövlətimiz öz üzərinə götürüb ki, nəticədə, çörəyin qiyməti bu gün də, çəkisinə uyğun olaraq, mağazalarda 30-50 qəpik olmaqla sabit qalıb. Saytlarda və sosial şəbəkələrdə yayılan dezinformasiyaların əksinə olaraq, bu gün ət dükanlarında mal əti rayonlarda 9 manatdırsa, paytaxtımızda 9 manat 50 qəpik və 10 manatdır. Yumurta 13 qəpik, kartof 60, soğan 50 qəpikdir. Qəndin, şəkər tozunun, pendirin, yağların, bir sözlə, gündəlik tələbat mallarının qiymətləri də 2018-ci ildəki kimi, dəyişməz olaraq qalmaqdadır.
Əslində, ölkəmiz ərzaq məhsullarının qiymətlərinə görə də MDB məkanında ilk yerdədir. Bunu ölkəmizə gələn xarici turistlərin dilindən dəfələrlə eşitmişik. Eyni zamanda, mən özüm bir neçə MDB ölkələrinin paytaxtında səfərdə olanda, hiss etmişəm ki, Azərbaycanda ərzaq məhsulları həmin ölkələrdən xeyli ucuzdur. Ötən həftə xaricdəki dostlarımızla da danışanda, ərzaq məhsullarının qiymətləri ilə maraqlandım. Onlar bildirdilər ki, Azərbaycan ərzaq məhsullarının ucuzluğuna görə, həmişə seçilir. Təbii ki, bu gün ölkəmizdə ərzaq məhsullarının qiymətinin artırılması üçün ciddi səbəblər mövcud deyildir. Eyni zamanda, əgər belə bir hal baş verərsə, məhz Azərbaycan dövləti insanların rifahı naminə bəzi xərcləri öz üzərinə götürməklə, qiymətlərin sabit qalmasına yardımçı olur.
Bir sözlə, cəmiyyətimiz müxalif qüvvələr tərəfindən yayılan informasiyaların yalan olduğunu dəqiq görməli və reallığın nədən ibarət olduğunu bilməlidir.
"Səs" Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB