Problemli kreditlər Azərbaycan vətəndaşları üçün həlli vacib məsələlərdəndir. Ölkə başçısı tərəfindən bu problemin həll olunmasına dair tapşırığın verilməsi zamanında atılan addımdır və həqiqətən də təqdirəlayiqdir. Çünki, bu tapşırıq bu gün vətəndaşlarımızı narahat edən məsələlərdən birinin həlli istiqamətində addımlar atılması deməkdir.
Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 585 milyon manatdır ki, bu heç də kiçik rəqəm deyil. Əsasən, xarici valyuta ilə olan problemli kreditlərin həll edilməsi məsələsi hal-hazırda gündəmdədir. Çünki, kredit götürənlər daha çox xarici valyutada olan kreditlərin ödənişi ilə bağlı çətinlik çəkirlər. Qeyri-rəsmi məlumatlara görə, 300 min nəfərə yaxın vətəndaşın problemlərinə aydınlıq gətiriləcəyi gözlənilir ki, bu da həmin sayda insanların problemlərinin həll edilməsi deməkdir.
Problemli kreditlərin həlli istiqamətində dövlətin maliyyə dəstəyi gözlənilir
Problemlərin üçtərəfli güzəşt mexanizmi əsasında həll olunacağı gözlənilir. Yəni, söhbət fərqin vətəndaş-bank-dövlət arasında bölüşdürülməsindən gedir. Hazırda müzakirələr istehlak kreditlərinə güzəşt edilməsi ətrafında aparılır. Mərkəzi Bank 5 min dollar məbləğində olan kreditlərə güzəştin verilməsi məsələsini müzakirə edir. Nəzərə almaq lazımdır ki, bu müzakirələrin nəticəsi olaraq güzəştlərin reallaşdırılmasına heç də az olmayan müəyyən vəsait tələb olunur. Məsələn, ilkin hesablamalara görə, güzəştin verilməsi üçün tələb olunan məbləğ 800 milyon manatdır.
Gündəmdə olan məsələnin, yəni problemli kreditlərlə bağlı güzəştlərin reallaşdırılması üçün lazım olan vəsaitlərin bank tərəfindən qarşılanacağı mümkünsüzdür və buna ümidlər belə olsa əbəsdir. Çünki, bankların bu vəsaitləri qarşılamağa, tam şəkildə ödəməyə gücü yoxdur. Daha dəqiq desək, banklar istəsələr belə bu vəsaitləri ödəmək qabiliyyətində deyillər.
Əgər bankların güzəştlərlə əlaqədar vəsaitləri qarşılamaq imkanları yoxdursa, deməli, güzəştlərdən söhbət getdiyi zaman, üçtərəfli güzəşt mexanizmindən danışıldığı zaman dövlətin maliyyə dəstəyi göstərəcəyi müzakirə mövzusuna çevrilir. Sözsüz ki, belə bir vəziyyətdə başqa yol da qalmır və problemli kreditlərin həlli istiqamətində dövlətin maliyyə dəstəyi gözlənilir.
Dövlət dəstəyi vacib amil olaraq diqqət mərkəzindədir və vətəndaşlar hər zaman olduğu kimi bu dəstəyi yenə də hiss edəcəklər
Güzəştli kreditlərlə bağlı məsələlərə dünya təcrübəsində də rast gəlinir və hazırda bu təcrübələr araşdırılır. ABŞ-da artıq 2008-ci ildən tətbiq edilən proqramın öyrənilməsi, eyni zamanda, Rusiyada tətbiq edilən güzəştli kreditlər müxanizmi təcrübəsindən istifadə edilməsi indi müzakirə mövzusudur. Son paketə artıq hansı mexanizmin daxil ediləcəyi barədə hal-hazırda söyləmək, daha dəqiq desək, indidən proqnozlaşdırmaq çətindir. Amma daha optimal bir variantın, daha uyğun bir təcrübənin seçiləcəyinə zərrə qədər şübhə ola bilməz.
Hər bir halda dövlət dəstəyi vacib amil olaraq diqqət mərkəzindədir və hansı variant seçilməsindən asılı olmayaraq dövlətin dəstəyini vətəndaşlar hər zaman olduğu kimi yenə də hiss edəcəklər. İlkin hesablamalara görə, nəzərdə tutulan 8 milyon manat dövlətin verə biləcəyi maliyyə dəstəyidir. Bu heç də kiçik rəqəm deyil və nəzərə almaq lazımdır ki, dövlətdən müəyyən maliyyə dəstəyi aldıqdan sonra, banklar özləri də eyni zamanda, müəyyən güzəştlər, eləcə də faizlərə güzəştlər tətbiq etmək imkanına malik olacaqlar.
Belə məlum olur ki, problemli kreditlər məsələsinin həll olunmasına dair ölkə başçısı Cənab İlham Əliyev tərəfindən verilən tapşırıq yüz minlərlə vətəndaşın probleminin həlli, rifah halının yaxşılaşması deməkdir. Bu eyni zamanda o deməkdir ki, Azərbaycan dövləti və dövlət başçısı vətəndaşların problemlərinə biganə qalmır. Hər daim ölkə vətəndaşı diqqət mərkəzindədir və bundan sonra da diqqət mərkəzində olacağına zərrə qədər şübhə yeri qalmır.
Azərbaycanda yürüdülən dövlət siyasətinin mərkəzində ölkə vətəndaşı, vətəndaş amili dayanır
Sözsüz ki, qəbul ediləcək paket bütün hallarda dövlət dəstəyinin nümayiş etdirilməsini özündə ehtiva edir və bu bir sosial paketdir. Təbii ki, reallaşması da, ilk növbədə, dövlətin, dövlət başçısının siyasi iradəsinə söykənir. Bu iradə isə öz növbəsində təsdiq edir ki, Azərbaycanda yürüdülən dövlət siyasətinin mərkəzində ölkə vətəndaşı, yəni, vətəndaş amili dayanır. Daha dəqiq şəkildə ifadə etməli olsaq, dövlət öz vətəndaşının qayğısına qalır, daim rifah halının, yaşayış şəraitinin yaxşılaşdırılması, problemlərinin aradan qaldırlıması üçün tədbirlər görür.
Şübhəsiz ki, sosial yönümlü tədbirlər maliyyə imkanları hesabına reallaşdırılır və çox sevindirici haldır ki, ölkənin maliyyə imkanları bunu qarşılamaq iqtidarındadır. Daha doğrusu, bu imkanlar əldə edilib, artıq yaradılıb. Aparılan islahatlar sayəsində büdcə gəlirləri artmaqdadır və bu artım da öz növbəsində sosial siyasət yürütmək əzmini artırır. Göründüyü kimi, ölkəmizin iqtisadi inkişafı sosial məsələlərin həlli ilə sıx bağlıdır və ciddi iqtisadi islahatlar sayəsində əldə edilən maliyyə resursları vətəndaşların rifah halının yaxşılaşdırılmasına, problemlərinin həllinə yönəldilir. Bu baxımdan 2019-cu ilin bütövlükdə ölkəmiz üçün uğurlu il olacağı barədə optimiz proqnozlar vermək mümkündür. Heç şübhəsiz ki, Azərbaycan 2019-cu ildə uğurlar və inkişaf yolu ilə gedəcək və nailiyyətlərimiz bu inkişafa əsaslı zəmin yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB