Avtomobil zavoduna 8 milyon dollar sərmayə yatırılacaq

Avtomobil zavoduna 8 milyon dollar sərmayə yatırılacaq

Hacıqabul Sənaye Məhəlləsində bu gün təməli qoyulan avtomobil zavoduna 8 milyon dollar sərmayə yatırılacaq.
SİA xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimində jurnalistlərə bildirib.

Nazir bildirib ki, zavod Rusiya texnologiyalarına əsaslanacaq və növbəti ildə təhvil verilməsi nəzərdə tutulur: "Bir il ərzində müxtəlif təyinatlı 1000 ədəd avtomobil istehsal ediləcək. İstehsal olunmuş avtomobillərin yarısı Azərbaycanın daxili bazarında satılacaq, qalan hissəsi isə üçüncü ölkələrə ixrac olunacaq. Zavodun açılması sənaye sahəsində çox gözəl nümunədir və Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin genişlənməsinə töhfə verir”.

Nəzərə çatdıraq ki, bu gün, 9 fevral tarixində Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanin iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.

Bildirilib ki, kiçik tonnajlı avtomobillər istehsal ediləcək, 14 milyon manat dəyəri olan bu zavodun tikinti işləri növbəti ilin ortalarına qədər təhvil veriləcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə