2010-cu ildə “Azərkimya” nə edib? - HESABAT

2010-cu ildə “Azərkimya” nə edib? - HESABAT
2010-cu il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin kollektivi üçün əlamətdar hadisələrlə zəngin olub. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, birliyin Etilen-polietilen zavodunda aparılan əsaslı təmir işləri uğurla başa çatdırılaraq müəssisənin normal fəaliyyəti bərpa edilib, kimyaçıların əmək şəraiti yaxşılaşdırılıb, istehsalat sahələrində yüksək məhsuldarlıq əldə edilib.

Digər kimya müəssisələrində də istehsalat sahələrinin işə salınması Birlik üzrə istehsal həcminin əvvəlki dövrlərlə müqayisədə xeyli yüksəlməsinə səbəb olub. ARDNŞ-nin tabeçiliyinə verildikdən sonra Birliyin beynəlxalq əlaqələri genişlənib. Belə ki, Almaniyanın "BASF" və "CAC" şirkətləri, Koreyanın "Samsunq" şirkəti, Rusiyanın "Nijnekamskneftexim" və "Sterlitamak neft-kimya zavodu" Açıq Səhmdar Cəmiyyətləri ilə işgüzar münasibətlər qurulub. Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan müəssisələri ilə yanaşı Türkiyə, İraq və Çin Xalq Respublikası təmsilçiləri də "Azərikimya" İB-nin məhsullarının sifarişçiləri sırasına qoşulublar. "Azərikimya" İB Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti və digər ali təhsil ocaqları ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaradıb.

Birliyin müəssisələrində işləmək istəyən ali təhsilli gənc mütəxəssislərin işə qəbulu üzrə davamlı müsabiqələrin keçirilməsini ötən ildə atılan ən mühüm addımlardan biri hesab etmək olar. "Ekologiya ili" çərçivəsində "Azərikimya" İB-də bir sıra irimiqyaslı layihələr həyata keçirilib. Bu tədbirlər sırasına Xəzərin istehsalat axıntıları ilə çirklənməsinə qarşı aparılan işlər, "Çirklənmiş ərazilərin kadastrı"nın hazırlanıb ictimai müzakirəyə çıxarılması, "Gənc ekoloqlar"ın iştirakı ilə Xəzərin sahilində keçirilmiş aksiyalar, məktəblilər arasında təşkil olunmuş ekoloji müsabiqələr, "Sənaye zonası"nda iməciliklər zamanı 40 mindən artıq ağacın əkilməsi ilə yeni yaşıllıq zolaqlarının salınması və s. daxildir. 2010-cu ili uğur və nailiyyətlərlə yola salan "Azərikimya" İB-nin əməkçiləri yeni – 2011-ci ildə də bütün sahələr üzrə yüksək nəticələr əldə etmək əzmindədirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə