“Azərikimya”ya işçi qəbulu ilə bağlı müsabiqə keçiriləcək

“Azərikimya”ya işçi qəbulu ilə bağlı müsabiqə keçiriləcək
Yanvarın 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin kimya müəssisələrində nəqliyyat sahəsi üzrə işləmək arzusunda olan ali təhsilli gənc mütəxəssislərin və texniki işçilərin işə qəbulu üzrə müsabiqə keçiriləcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müraciət edənlər 3 bölmə üzrə, 5 ixtisas qrupunda sualları cavablandıracaqlar. I bölmədə Birlik müəssisələrinin dalan dəmir yolları şəbəkəsində işləmək istəyənlər, II bölmədə kran maşinistləri və traktorçular, III bölmədə isə nəqliyyat üzrə mühəndislər bilik və təcrübə yarışmasına qatılacaqlar. Sınaq-yoxlama müsabiqəsi test üsulu ilə keçiriləcək. Hər bir iştirakçı daxil olduğu qrup üzrə 15-i ixtisas yönümlü, 10-u texniki təhlükəsizlik sahəsi üzrə olmaqla 25 suala cavab verəcəklər.

İki mərhələ üzrə keçiriləcək müsabiqənin birinci mərhələsində müsabiqədən keçəcək iştirakçıların sayı yüzdən artıqdır. İlkin mərhələdə müsbət nəticə əldə edənlər daha sonra "Azərikimya" İB-nin Nəqliyyat sahəsi üzrə təcrübəli mütəxəssislərindən təşkil olunan xüsusi komissiya və Sumqayıt şəhər Polis İdarəsinin Yol Polisi şöbəsinin peşəkar əməkdaşları tərəfindən fərdi sınaq-yoxlama söhbətinə dəvət olunacaqlar.

Hər iki mərhələdə müvəffəqiyyət əldə edən iştirakçılar "Azərikimya" İstehsalat Birliyi müəssisələrinin müvafiq sahələrində işlə təmin olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə