Regionların inkişafında növbəti hədəf TƏHLİL

Regionların inkişafında növbəti hədəf TƏHLİL

Azərbaycan iqtisadiyyatının bundan sonra daha dinamik, daha sürətlə, yüksələn xətlə inkişafı günü reallığıdır

Son 15 il ərzində regionların sosial-iqtisadi həyatında görülən işlərin ölkənin ümumi iqtisadi inkişafında rolu danılmazdır. Bölgələrin sosial-iqtisadi cəhətdən çox böyük irəliləyiş əldə etməsi bilavasitə dövlətin və hökumətin həyata keçirdiyi tədbirlərin məntiqi nəticəsidir. Belə uğurlu nəticələr heç də təsadüfi deyil və regionların sosial-iqtisadi inkişafına dair ardıcıl olaraq 3 Dövlət Proqramının icrası sayəsində bu uğurlar əldə olunub. Məhz tətbiq olunan Dövlət Proqramların iqtisadi irəliləyişi şərtləndirməsinə istinad edərək cəsarətlə demək olar ki, sayca 4-cü Dövlət Proqramının təsdiq edilməsi haqda Fərman Regionların inkişafında növbəti hədəfləri müəyyənləşdirir.
Regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir və bu Prezidentin 29 yanvar 2019-cu il tarixdə imzaladığı Fərmanda da öz əksini tapır. Ölkədə qeyri-neft sektorunun davamlı inkişafı sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına öz tövhələrini verməkdədir. Nəzərə alsaq ki, cəmiyyətdə əhali artımı, bu xüsusda da ehtiyacların get-gedə çoxalması təbii prosesdir, deməli, inkişafın davamlılığını təmin etmək labüddür.

İnkişafın əhali artımına mütənasib olaraq təşkili vacibdir və sevindirici haldır ki, inkişaf tendensiyası optimist nəticələr vəd edir

İnkişafın davamlılığının təmin edilməsi məqsədi ilə icra olunan Dövlət Proqramları sayəsində 2004–2018-ci illər ərzində ümumi daxili məhsul istehsalı 3,3 dəfə artıb. Bu artım ayrı-ayrılıqda, qeyri-neft sektoru üzrə 2,8, sənaye üzrə 2,6, kənd təsərrüfatı üzrə 1,7 dəfə olub. Bununla yanaşı bu müddət ərzində 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb ki, nəticədə işsizlik 5, yoxsulluq səviyyəsi isə 5,1%-ə enib.Bu statistik göstəricilər müsbət nəticələrdir və inkişafın dinamik, eyni zamanda davamlı olduğunu təsdiq edir. Son beş il ərzində Azərbaycana qoyulan 250 milyard dollar sərmayənin yarısının xarici investisiya təşkil etməsi isə çox sevindirici haldır.
Qeyd etdiyimiz kimi əhalinin sayı durmadan artır və bunun təbii proses olaraq nəzərə alınması gərəkir. Yəni, istehsalın, emalın, məhsul bolluğunun günü-gündən artırılmasına, həmçinin yeni iş yerlərinin yaradılmasına ehtiyac duyulur. Eyni zamanda sadalanan artımların, yaradılan imkanların əhali artımına mütənasib olaraq təşkili vacibdir. Hazırda kənd təsərrüfatı, sənaye və iqtisadiyyatın digər sektorlarının durmadan inkişafı məhz bu məqsədi daşıyır və sevindirici haldır ki, inkişaf tendensiyası optimist nəticələr vəd edir.
Onu da nəzərə almaq lazımdır ki, məhsul bolluğu xüsusilə diqqət mərkəzində olmalıdır və idxaldan asılılığın minimuma endirilməsi çox önəmli məsələdir. Ölkənin xarici bazarların təsir və təzyiqlərindən qorunması günü ən vacib məsələlərindəndir. Əgər daxili imkanlar hesabına məhsul bolluğu yaradılarsa, məhsullar daxili tələbatı ödəyərsə, təbii ki, idxala ehtiyac qalmır və onun mənfi təsirlərindən də söhbət gedə bilməz. Bir sözlə, təhlükəsizliyin təmin olunmasını sadalanan imkanlar hesabına reallaşdırmaq ən doğru yoldur. Elə, Azərbaycan hökumətinin və dövlətinin də çalışdığı və nail olmaq istədiyi məqsəd məhz budur. Məqsəd budur ki, regionlar daha da inkişaf etsin, kənd təsərrüfatı məhsullarının istehsal həcmi, nəticədə məhsul bolluğu artsın, bölgələrdə istehsal sahələrinin yaradılmasıyla yeni-yeni iş yerlərinin təşkili təmin olunsun. Təbii ki, bütün bunlar eyni zamanda xarici bazarların da təsir və təzyiqlərindən uzaq olmaq, ümumilikdə, iqtisadi təhlükəsizliyə nail olmaq deməkdir.

İqtisadiyyatın real sektorunun, kənd təsərrüfatının, sənaye inkişafı üçün münbit şərait artıq mövcuddur

İndiyədək həyata keçirilən üç Dövlət Proqramı nəticəsində bölgələrdə böyük və müasir infrastruktur yaranıb. Nəticədə, indiyədək regionların qaz, elektrik enerjisi, avtomobil yolları və s. təminatı sahəsində böyük işlər görülüb, turizmin inkişafı üçün hər cür şərait yaradılıb. Doğrudur, gəlirlilik 15 il ərzində regionlara xərclənilən vəsaitlərin müqabilində heç də kifayət səviyyədə hesab olunmur. Amma nəzərə almaq lazımdır ki, infrastruktur daha çox pul aparan və iqtisadiyyatın real sektoru kimi gəlir gətirən sahə deyil. Bunu da nəzərə almaq lazımdır ki, iqtisadiyyatın istənilən real sektorunda inkişafa nail olunması, emal və istehsal müəssisələrinin yaradılması üçün müvafiq infrastrukturun olması ən vacib və qaçılmaz şərtlərdəndir. Bir sözlə, iqtisadiyyatın real sektoru üçün infrastruktur layihələrinin reallaşdırılması, müvafiq məsələlərin həlli vacib idi və bu məsələlər artıq bu vaxta qədər prinsip etibarı ilə öz həllini tapıb və iqtisadiyyatın real sektorunun inkişafı üçün münbit şərait yaradılıb və bu şərait artıq mövcuddur.
Indi regionların sosial-iqtisadi inkişafına dair dördüncü proqramda kənd təsərrüfatı ilə sənayenin inkişaf etdirilməsinin hədəf olaraq qarşıya qoyulmasında bir sözlə heç bir maneə yoxdur. Prinsip etibarilə, infrastrukturla bağlı bütün əsas məsələlər öz həllini tapsa da bu proses davam etdiriləcək, amma kənd təsərrüfatı və sənaye istehsalı dördüncü proqramda artıq xüsusi yer tutur. Ümumiyyətlə, bundan sonra iqtisadiyyatın real sektoru, kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas məsələ hesab olunur. Xüsusilə qeyd etmək lazımdır ki, regionların inkişafı üçün əsas diqqət yetirilməli olan məsələlərdən biri məhz yerli xammal əsasında istehsal müəssisələrinin yaradılmasından ibarət olmalıdır.
Deməli, regionların inkişafında növbəti hədəf artıq bəllidir. Bu hədəf kənd təsərrüfatının, sənayenin inkişaf etdirilməsindən ibarətdir. Əslində bu hədəf artıq iqtisadiyyatın real sektorunu əhatə etmək deməkdir ki, gəlirlilik səviyyəsi bu vaxta qədərki səviyyə ilə müqaisə olunmayacaq dərəcədə artıq olacağı anlamına gəlir. Deməli, Azərbaycan iqtisadiyyatının bundan sonra daha dinamik, daha sürətlə, yüksələn xətlə inkişafı günü reallığıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə