"Bu gün regionlarla mərkəz arasındakı fərq aradan qaldırılıb" ÖZƏL-RƏY
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirildi. Artıq üç dövlət proqramı çox uğurla həyata keçirilib. Xüsusilə qeyd etmək lazımdır ki, yüksək nailiyyətlərlə icra olunan dövlət proqramları Prezident İlham Əliyevin müəllifi olduğu ən mükəmməl bir iqtisadi sənəddir. Məhz bu proqramların icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 3,3 dəfə artıb ki, bu da 330 faiz deməkdir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkilinin sözlərinə görə, ölkəyə 250 milyard dollar sərmayə qoyulub və 15 min kilometr yol çəkilib. Qazlaşma 95 faiz yerinə yetirilib və valyuta ehtiyatlarımız 24 faiz artıb. Bu kimi bizim iqtisadi nailiyyətlərimiz hədsiz çoxdur. Başlıca olaraq Azərbaycan vətəndaşlarının sosial-rifah halı yüksəlib. Bu gün regionlarla mərkəz arasındakı fərq demək olar ki, aradan qaldırılıb. Təkcə onu demək kifayətdir ki, 2 milyondan çox iş yeri açılıb. Açılan bu iş yerlərinin tam əksəriyyəti də daimi iş yerləridir.
Bu gün vətəndaşlarımızın gəlirləri artıb. Bütövlükdə bu illər ərzində ölkə iqtisadiyyatının bu kimi dinamik artımı bizim maliyyə rezervlərimizi artırıb. Məhz müstəqil iqtisadi siyasət yeritməyimizin nəticəsində ölkə öz siyasi müstəqilliyinin və suverenliyinin təmin olunması istiqamətində öz diplomatik nailiyyətlərini artıq formalaşdırıb. Digər tərəfdən biz çox böyük meqalayihələrə (TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və s.) imza atmışıq. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin işə düşməsi ilə bağlı Azərbaycan Şərqlə-Qərb, Şimalla-Cənub arasında böyük loqistik nəqliyyat mərkəzinə çevrilib. Bu isə bütövlükdə onu deməyə bizə əsas yaradır ki, proqramların icrası ölkə iqtisadiyyatının ən yüksək tərzdə inkişafını təmin etmiş oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB