Bəstəkar Verdinin Babil şahı Navuxodonosorun həyatından bəhs edən və 1842-ci ildə ilk dəfə Milanda oynanılan operasının adından götürülən "Nabucco" qaz kəmərinin inşası layihəsi indi köhnə qitənin gözünda qalxmağa başlayıb. Hələ 2002-ci ildə ortaya gələn bu layihə Xəzər hövzəsi, Orta Şərq və Şimali Afrikadan Avropaya ildə 30 mlrd. kubmetr təbii qazın nəqli üçün 3,3 min km uzunluğunda kəmərin inşasını nəzərdə tutur. Dəyəri 7,9 mlrd. avro olan "Nabucco" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi bu ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. "Nabucco" qaz kəmərinin tikintisi iki əsas mərhələdə həyata keçiriləcək. Birinci mərhələyə (2011-ci il) Türkiyə sərhədindən başlayaraq Avstriyanın Baumqarten şəhərində başa çatan 2 min kilometr uzunluğunda boru kəmərinin çəkilişi daxildir. İkinci mərhələyə (2014-2015-ci illər) boru kəmərinin Türkiyə və Yunanıstan, eləcə də Türkiyə ilə İran arasında yerdə qalan hissəsinin tikintisi daxildir.
"Nabucco" qaz kəmərinin uzunluğu 2 730 kilometr olan birinci hissəsinin tikintisi Ankaranın (Türkiyə) cənub hissəsindən başlanacaq və qərb istiqamətində Mərkəzi Anadolu və Mərmərə dənizindən keçərək, Bolqarıstan sərhədinədək uzanacaq. Bu marşrutun 75 faizi mövcud boru kəmərləri vasitəsilə çəkiləcək. Layihənin icrası məqsədilə artıq Türkiyənin "BOTAŞ", Avstriyanın OMV, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Macarıstanın MOL və Almaniyanın RWE şirkətlərinin iştirakı ilə "Nabucco Gas Pipeline İnternational GmbH." beynəlxalq konsorsiumu yaradılıb. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı isə 16,67% təşkil edir.
Məhz bu kəmərin inşası hesabına Avropa bir istiqamətdən olan enerji təchizatını aradan qaldırmaq və Rusiyadan asılılığını azaltmaq niyyətindədir. Hazırda Avropa təbii qaza olan ehtiyacın maksimal hissəsini Rusiyanın "Qazprom" şirkəti tərəfindən təmin edir və bu tələbat ilbəil artır. Hesablamalara görə, 2020-ci ildə Avropa Birliyi ölkələrində təbii qaz istehlakının həcmi ildə 620 mlrd. kubmetrə çatacaq ki, bunun da 500 mlrd. kubmetrini (təxminən 81%) idxal qazı təşkil edəcək. Rusiya isə təbii qaz təchizatı sahəsində artıq bu gün dominantlığını hiss etdirir. Xüsusəndə bu dominantlıq siyasi alət kimi özünü biruzə verir. Rusiyanın Ukrayna, Belarus və Gürcüstanla münasibətlərində də eyni hərəkətlərə yol verməsi Avropada Rusiyanın nə dərəcədə etibarlı enerji təchizatçısı olması barədə sualların yaranmasına əsas verib. Rusiya rəsmilərinin dilindən dəfələrlə MDB ölkələri ilə yaşanan problemlərin siyasi xarakter daşımaması və Avropanın qaz təchizatı ilə heç bir əlaqəsinin olmaması barədə yayılan bəyanatlara baxmayaraq, Qərb dövlətləri enerji təhlükəsizliyi barədə daha ciddi düşünməyə başlayıb.
"Nabucco" eyni zamanda müəyyən dərəcədə siyasi layihədir və bu onun həyata keçirilməsinə mane olur. Bunu isə Macarıstan hökumətinin xüsusi tapşırıqlar üzrə səfiri və "Nabucco" üzrə məsul şəxsi olan Riçard Bayer etiraf edib. Onun sözlərinə görə, Avropanın enerji təhlükəsizliyi onun Rusiyadan asılılığı ilə əlaqədar şübhə altına düşür. Buna görə, alternativ mənbələrə ehtiyac var: "Alternativ mənbələrin olmaması Avropanın enerji təhlükəsizliyini zərbə altına qoyur", - deyən Bayer avropalıları ciddi şəkildə qorxudan Ukrayna-Rusiya qaz münaqişəsini xatırladıb. O, layihənin maliyyələşdirilməsində problem olmayacağından əmin olduğunu bildirib. "Maliyyələşməyə zəmanət verilib və buna heç kimin şübhəsi olmasın", - deyə Baye qeyd edib. Qazın həcminə gəlincə, macarıstanlı diplomat gözləyir ki, ixrac Azərbaycan, Türkmənistan və İraqdan olacaq. Bayer Rusiyanın Cənub axını layihəsi və "Nabucco"nun rəqabət aparacağı və onlardan birinin digərini gündəmdən çıxaracağı fikri ilə razı olmadığını deyib. Rusiya qazına Avropada tələbat var və o, həmişə alınacaq, Bayer belə hesab edir. İranın iştirakı mümkünlüyünə gəlincə, diplomat qeyd edib ki, bu ölkəni kənarlaşdırmaq olmaz, amma İranın özündə yerli istehlak üçün qaz çatışmazlığı var. Gələcəkdə Qətərın da layihədə iştirakı mümkündür, amma bunun üçün illər lazım olacaq, çünki ixrac qeyri-sabit İraqdan keçməli olacaq, deyə Bayer fikrini tamamlayıb.
"Qazprom" yoxsa "Nabucco"
Həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən işlərin ən passiv iştirakçısı, qəribə olsada elə Avropanın özüdür. Qitənin etibarlı enerji təchizatını təmin etmək üçün nəzərdə tutulan "Nabucco" qaz kəməri layihəsi ətrafında cərəyan edən proseslər bunu bir daha sübut edir. Siyasi cəhətdən vahidlik imici yaratmağa cəhd edən Avropa enerji təhlükəsizliyi sahəsində vahid mövqe nümayiş etdirə bilmir. Bir tərəfdən burada belə bir ideya hökm sürür ki, Rusiyanın inhisarçı qurumu olan "Qazprom"la münasibətlərlə kifayətlənməyərək digər təchizatçılarla da əlaqələr qurmaq lazımdır. Lakin eyni zamanda bir fikir də var ki, Rusiyanın coğrafi cəhətdən yaxınlığını və böyük həcmdə enerji resurslarını kənara qoymaq olmaz. Hər dəfə Rusiya ilə Ukrayna və Belarus kimi tranzit ölkələr arasında mübahisə yarananda və bunun nəticəsində bu dövlətlərin qaz təchizatı dayandırıldıqda Avropada "Qaz pandemiyası" yaşanır. Lakin bu qorxu, vahid mövqe nümayiş etdirərək Rusiya ilə sərt danışıqlar aparmaq əvəzinə bu ölkələri "Qazprom"la ikitərəfli münasibətlərə sövq edir.
Eyni zamanda Rusiya hökumətində yanacaq-enerji kompleksinə cavabdeh olan baş nazirin müavini İqor Seçin də "Nabucco" qaz kəməri layihəsinə ümid bəsləmədiyini qeyd edib: " Xəzər regionundan Avropaya Rusiyadan yan keçməklə qaz nəqlini nəzərdə tutan "Nabucco" qaz kəməri layihəsinin heç bir perspektivi yoxdur". Seçin hesab edir ki, Türkmənistan tərəfinin, Avropa və dünya ekspertlərinin qiymətləndirmələrini nəzərə alaraq demək olar ki, "Nabucco"nun perspektivi yoxdur: "Qaz bazarında hazırkı vəziyyət də onu göstərir". Onun fikrincə, qaz nəqlinin həcmini artırmaq üçün real perspektiv olmadığından, "Nabucco" layihəsinin həyata keçirilməsinə ehtiyac yaranmır: "Həmin vaxta kimi "Şimal axın" işləməyə başlayacaq, "Cənub axın" üzrə inkişaf olacaq. Bu layihələr müddətinə və mənbələrinə görə prioritet təşkil edəcək".
"Nabucco"nun yeni nəfəsi - Azərbaycan
Lakin bütün bu hadisələrin fonunda Qərb layihənin reallaşmasına ümidlərini artırıb. Belə ki, "Nabucco" qaz kəmərinin ilk hissəsi istifadəyə verilib. Bu nailiyyətə Macarıstan və Rumıniya imza atıb. Arad-Seqed marşrutu üzrə 47 km-lik hissə Macarıstan və Rumıniyanın qazpaylayıcı sistemlərini birləşdirir. Macarıstanın "MOL" şirkəti tərəfindən tikilən bu hissə elə Macarıstan ərazisindən keçir. Bundan əvvəl isə Rumıniya ərazisində qaz kəmərinin 60 km-lik hissəsi açılıb. Həmin hissəni isə Rumıniyanın "Transgaz" şirkəti tikib. Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger "Cənub dəhliz"i Avropanın ən mühüm enerji infrastrukturlarından biri olduğunu bildirib və qeyd edib ki, bu dəhliz Avropanı dünyanın böyük təbii qaz mənbələrinin təbəqələşdirilməsinin Avropa üçün ikiqat faydalı olduğunu, yalnız enerji sahəsində deyil, həmçinin təbii qaz bazarında rəqabətin yüksəlməsinə təsir göstərəcək. Bununla yanaşı, G.Ottinger Avropaya yeni qazın xaric edilməsi şəraitini yaradan ITGI layihəsinin malik olduğu imkanlardan danışıb. G.Ottingerin sözlərinə görə, təbii qazın Azərbaycandan Avropa ölkələrinə ötürülməsinin ən qısa yolu ticari boru kəməri olan ITGI hesab olunur. Başqa bir boru kəməri olan "Nabucco" haqqında komissiya üzvü öz növbəsində məsələyə aydınlıq gətirərək, "Cənub dəhliz"i layihəsi ilə aralarında rəqabət olduğunu və komissiyanın bu iki layihənin gələcək əməkdaşlığı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Eyni zamanda Qərbin son illər Azərbaycanın və Xəzərin şərq sahilində yerləşən dövlətlərin enerji resurslarına olan maraq daha da artıb. Azərbaycanda nəhəng "Şahdəniz" qaz-kondensat yatağının işlənməyə başlaması isə enerji təchizatının diversifikasiyasına olan ümidləri artırıb. Eyni zamanda "Ümid" yatağının kəşfidə mövcud olan ümidləri canlandırıb. Son illər Azərbaycanın enerji sektorunda baş verən ciddi irəliləyiş, neft və qaz yataqlarının intensiv işlənməsinə start verilməsi, enerji daşıyıcılarının dünya bazarlarına sabit nəqli üçün regional neft və qaz kəmərlərinin uğurlu istismarı Avropa qitəsində bu ölkənin etibarlı enerji tərəfdaşı imicinin formalaşmasına şərait yaradıb.
Elə bu səbəbdəndir ki, enerji təchizatının diversifikasiyası məsələsi gündəmə gəldikdə diqqət ilk növbədə Azərbaycana yönəlib. Bu vacibliyi hiss edən Avropalı diplomatlar rəsmi Bakını hədəf seçiblər. Avropa Komissiyasının (AK) prezidenti Xose Manuel Barozzo "Nabucco"nun reallaşması üçün bu həftə Azərbaycan və Türkmənistana səfər edəcək. Jurnalistlərə açıqlama verən AK prezidenti layihənin həyata keçirilməsi istiqamətində aparılan işlərin uğurla davam edəcəyini bildirib: "Mən ümidvaram ki, "Nabucco"da tərəqqi əldə olunacaq. Mən inanıram ki, bu uğurlu tarixin başlanğıcı olacaq. Əlbəttə, bizim əsas məqsədimiz dəqiq və anlaşılan bir formada "Cənub dəhlizi" istiqamətində əldə ediləcək razılaşmadır".
Bütün bunların fonunda "Nabucco"nun həyata keçirilməsi istiqamətində aparılan işlərin tam mətni bu ay içərisində yazıla bilər. Əgər müdaxilə olmasa.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB