"Davos ölkələrə investisiya cəlb etmək imkanı yaradır" ŞƏRH-ÖZƏL

"Davos ölkələrə investisiya cəlb etmək imkanı yaradır" ŞƏRH-ÖZƏL

“Davos İqtisadi Forumu dünyanın ən böyük müzakirə platformalarından biri hesab olunur. Burada kifayət qədər maraq qrupları, həm dünya ölkələrini təmsil edən qərar qəbul etmədə iştirak edən şəxslər, həm müxtəlif sektorları təmsil edən biznes subyektləri, həm beyin mərkəzləri, institutların təmsilçiləri və digərləri təmsil olunur ki, bu da platformanın əhəmiyyətini artırır”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, Forumda daha çox qlobal iqtisadi inkişaf istiqamətlərinin müəyyənləşməsi və bu istiqamətdə müəyyən qərarların qəbul edilməsi, ümumi maraqların prosesə yönəldilməsi kimi fəaliyyət həyata keçirsə də, eyni zaman da prosesdə təmsilçilərin böyük əksəriyyəti biznes subyektləridir.

Ekspertin sözlərinə görə, platforma eyni zamanda hər bir ölkənin öz təmsilçilik hüququndan istifadə edərək forumda apardığı iqtisadi-sosial islahatların, eyni zamanda biznes mühitinin təkmilləşdirilməsi istiqamətində qəbul edilən qərarların qlobal ictimaiyyətə çatdırılmasını həyata keçirməklə yanaşı, investorları ölkəsinə cəlb etmək imkanı yaradır: “Bu, Azərbaycan üçün çox əhəmiyyətli məsələlərdən biridir. İqtisadiyyatımızın resurs asılılığından azad olunması zərurətə çevrilib. Hazırkı şərtlər daxilində risklərlə üzləşməmək, ölkənin ixrac, məşğulluq, fiskal gəlirlər baxımından neftdən asılılığı zəiflətmək üçün ölkə qeyri-neft sektorunu inkişaf etdirməlidir. Bunun üçün da investorların cəlbi mütləqdir ”.

R.Həsənov qeyd edib ki, xarici investisiya ölkəyə təkcə vəsait, pul kapital baxımından əhəmiyyətli deyil, xarici investisiya özü ilə paralel olaraq ölkəyə təcrübəni, bazarları gətirir: “ Hazırda yaranan vəziyyət peşəkar qlobal investisiya şirkətlərinin ölkəmizə gətirilməsini tələb edir. Azərbaycan azad iqtisadi zona formalaşdırır. Bu istiqamətdə həm infrastrukturun yaradılması, həm də hüquqi bazanın formalaşdırılması istiqamətində işlər gedir. Bunu xarici investorlara çatdırmaq lazımdır. Davos bu baxımdan kifayət qədər effektiv platformadır. Azərbaycan da bu platformadan istifadə etməklə özünə dəstək formalaşdıra bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə