Yanacağın qiymətinin bahalaşması barədə şayiələri kim yayıb? - ARAŞDIRMA

Yanacağın qiymətinin bahalaşması barədə şayiələri kim yayıb? - ARAŞDIRMA
Dünən axşam saatlarından etibarən paytaxtda yanacağın qiymətinin qalxması ilə bağlı müxtəlif şayiələr yayılıb. Şəhər sakinləri yanvar ayının 8-dən etibarən benzinin qiymətinin bahalaşacağını eşidib yanacaq doldurma məntəqələrinə üz tutublar. Bəzi məntəqələrdə belə bir məlumatın olmadığı deyilsə də, bəzi məntəqə işçiləri də bu xəbəri təstiqləyiblər. Şəhər əhalisi arasında həyəcan yaradan şayiələr böyük qarmaqarışıqlığa səbəb olub. Belə ki, maşın sahibləri məntəqələrdə növbəyə dayanaraq xəbərlərin doğru olub-olmadığını öyrənməyə çalışıblar. Təbii ki, benzinin qiymətinin qalxması sürücülərlə yanaşı, digər insanların da təşvişinə səbəb olub. Çünki benzinin qiyməti artsa, bu artımın bir çox yanacaqların və ərzaq məhsullarının qiymətinə təsir edəcəyi də ehtimal edilir.

Qiymətlər haqqında söylənən fikirlərin nə dərəcədə doğru olub olmadığını öyrənmək üçün ilk olaraq İqtisadi İnkişaf Nazirliyinin (İİN) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyevin fikirlərini öyrəndik.

Şöbə müdiri yayılan xəbərlərin şayiə olduğunu bildirərək bu haqda heç bir müzakirə olmadığını deyib: "Benzinin qiiymətinin artması ilə bağlı Tarif Planında heç bir müzakirə getmir. Əgər belə bir müzakirə olsaydı yəqin ki, özümüz bu haqda məlumat verərdik. Bizim rəsmi məlumatımız olmadan bu cür şayiələrə inanmaq heç də doğru deyil. Şəhərdə belə xəbərlərlə şayiələr yaymaq panika yaratmaqdan başqa heç bir işə yaraya bilməz. Ona görə də, bu cür şayiələrə inanmaq lazım deyil. Benzinin qiyməti ilə bağlı ən cüzi bahalaşma xəbəri belə əsassızdır".

Bu barədə fikirlərini bildirən digər rəsmi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev də xəbərlərin yalan olduğunu bəyan edib: "Dünən gecə saatlarında yaranan panikanın heç bir əsası və dəlili yoxdur. Dövlət qərarı olmadan biz bu barədə heç bir söz deyə bilmərik. Dövlətin də bu barədə verilmiş bir qərarı yoxdur. Benzinin qiymətinin qalxdığı xəbərləri yanlışdır".
Xəbərləri yalanlayan mətbuat xidmətinin rəhbəri panikaya səbəb olanların kimliyinin məlum olmadığını nəzərə çatdırıb: "Şəhər əhalisi arasında həyəcan yaransa da bunun ilk mənbəyi məlum deyil. Son həftələrdə neft bazarlarında topdansatış qiymətlərin məhdudlaşdırıldığı ilə bağlı bəzi xəbərləır də bu şayiələırə səbəb ola bilər. Amma əsas olan xəbərlərin şayiə olmasıdır".

Göründüyü kimi benzinin qiymətinin bahalaşması ilə bağlı çıxan şayiələr dövlət rəsmiləri tərəfindən yalanlanıb. Xəbərlərin doğru olub-olmadığını isə zaman göstərəcək. Əgər benzinin qiyməti yaxın günlərdə artsa, deməli "Yalançı çobanın sürüsünü qurd apardı, heç kəs ona inanmadı". Amma əgər rəsmilərin dediyi kimi xəbərlər şayiə olaraq qalsa və heç bir bahalaşma nəzərə çarpmasa, onda da deməli "Bir dəli bir quyuya daş atıb, millət də daşı insan bilib quyunun ətrafına yığışıb".

Bütün xəbərlər Facebook səhifəmizdə