2011-ci ildə dünya iqtisadiyyatını risq gözləyir?- Araşdırma

2011-ci ildə dünya iqtisadiyyatını risq gözləyir?- Araşdırma
Dünya iqtisadiyyatı hələ də risqli vəziyyətlə üz-üzədir. 2009-cu ildən dünyada hökm edən iqtisadi böhran hələ də öz təsirini davam etdirir. SİA-nın xəbərinə görə, 2010-cu ildə baş verən hadisələr iqtisadi böhranın zəiflədiyini açıq-aşkar göstərir. Lakin 2011-ci ildən gözləntilərimizin reallaşması o qədər də asan deyil. Belə ki, dünya iqtisadçıları gələcəkdə vəziyyətin risqli olacağını deyir.

Beynəlxalq Pul Fondunun (İMF) direktor müavini Con Lipski açıqlamasında 2011-ci ilin risqli olacağını deyib. O bildirib ki, bu il dünya ölkələrinin iqtisadi göstəriciləri müsbət istiqamətdə irəliləsə də, böhrandan sonrakı dövrdə stabilləşən iqtisadi vəziyyəti eyni zamanda bir sıra risqlər də gözləyir: "Qlobal iqtisadi dirçəliş, beynəlxalq əməkdaşlıq və Fondun bu çətinliklərin həll edilməsindəki rolu baxımından, bu il çox əhəmiyyətli olacaq. 2011-ci il böhrandan sonrakı vəziyyət üçün hazırlanan planların tətbiq olunduğu, test edildiyi və qiymətləndirildiyi il olacaq".

İqtisadi sahədə nəzərdə tutulan planların tətbiqinin müsbət nəticələr verəcəyini deyən Lipski, əks halda güvənin sarsılacağını nəzərə çatdırıb.

Yəni əgər planlar düzgün və vaxtında tətbiq edilsə maliyyə sahəsindəki dirçəliş özünü doğruldacaq. Amma əgər müvəffəqiyyətsizliklər çoxalsa öhdəsindən gəlinməsi çətin olan problemlər siyahısı ortaya çıxacaq. Araşdırmalar zamanı məlum olub ki, beynəlxalq aləmdə təcili diqqət tələb edən bir sıra yeni problemlər yaranıb. Qlobal iqtisadiyyatın qarşısında olan risklərin bəziləri aşağıdakılardır:
1 - Avropada davam edən və digər ölkələrə yayılması ehtimal edilən ölkə borcları
2 - Bəzi inkişaf etmiş ölkələrdəki iqamətgah bazarında davam edən problemlər
3 - Dünya ölkələrindəki yüksək işsizlik göstəriciləri

Açıqlamalardan belə qənaətə gəlirik ki, ciddi çətinliklərlə qarşı-qarşıya qalsaq da vəziyyətin stabilləşməsini sürətləndirmək üçün ciddi tədbirlər görülməlidir. Əks halda 2011-ci illə bağlı ümidlərimiz puça cıxacaq.

İMF mütəxəssisləri dünyada 2011-cildə yaşanması ehtimal edilən iqtisadi böhranı statistik rəqəmlərlə əsaslandırıblar. Fond mütəxəssislərinin hesablamalarına görə, 2010-cu ildə dünya iqtisadiyyatı 4,6 faiz kimi artıb, amma bu inkişaf 2011-ci ildə davam etməyə bilər. Bu il dünyada ümumdaxili məhsul istehsalı 4,3 faiz azalacaq. 2010–cu ildəki artım isə Şərqi və Cənubi Asiya ölkələrinin hesabına mümkün olmuşdu.

Beynəlxalq arenada böyük iqtisadiyyat ölkələri kimi tanınan Böyük Britaniya, Kanada və Yaponiyada isə artım tempinin sürtlə aşağı düşəcəyi proqnozlaşdırılır. ABŞ iqtisadiyyatının da bu il yeni böhran dalğasının təsirinə məruz qalacağı ehtimal olunur. Mütəxəssislər ABŞ-dakı böhranın özünü iqtisadi tempin zəifləməsi və iş yerlərinin ixtisara düşməsində göstərəcəyini deyirlər. Bu isə ölkə iqtisadiyyatını 40 faiz zəiflədəcək.

İMF səlahiyyətlilərindən biri də "The wall street journal"-a verdiyi açıqlamada bildirib ki, Avropadakı qlobal maliyyə böhranı 2011-ci ildə dərinləşə bilər. Yunanıstan, İrlandiya, Portuqaliya və İspaniyada vəziyyət daha çətinləşəcək. Proqnozalara görə, 2011-ci ildə iqtisadi çöküş yaşayan Yunanıstan avro bölgəsindən çıxa bilər.

Əgər proqnozlar həyata keçsə Almaniya başda olmaqla, əksər ölkələrin bankları müflisləşə bilər. Problemi həll etmək üçün yaxın perspektivdə ölkələrin maliyyə risqləri azaldılmalı, kredit şərtləri sərtləşdirilməli, borclar ödənilməlidir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2011-ci il üçün nə düşünür?

BMT-nin dünya iqtisadiyyatının iqtisadi vəziyyəti və perspektivləri haqqında məruzəsində bildirilib ki, 2011-ci ildə dünya iqtisadiyatında ötən illə müqayisədə 3% artım nəzərə çarpacaq.
Dünya iqtisadiyyatının tam bərpası prossesi də hazırda çox zəif gedir. Çünki ayrı-ayrı ölkələrdə iqtisadiyyat ləng bərpa olunur. Ona görə də iqtisadi dirçəlişin tam təmin edilməsi üçün, ayrı-ayrı ölkələrdə bununla bağlı ciddi tədbirlərin görülməsi əsas şərt kimi qəbul olunur.

ABŞ ekspertlərinin nəzəriyyəsində 2011-ci il.

ABŞ ekspertləri düşünür ki, iqtisadi böhran yaşayan bəzi ölkələr avrozonanı özü tərk etməlidir. ABŞ Sahibkarlıq İnstitununun eksperti Desmand Lahmanın hazırladığı hesabatda deyilir ki, gec-tez Yunanıstan, İrlandiya, İspaniya və Portuqaliya Avropa İttifaqı sıralarını tərk edəcəklər: "Yunanıstan, İrlandiya, İspaniya və Portuqaliya bank böhranından qurtula bilmək üçün könüllü olaraq avrozonanı tərk etməlidirlər. Əks halda sözügedən dövlətlərdə olan defolt vəziyyət digər Aİ ölkələrinə də təsir edəcək və sonda, Avrozonanı tərk edəcək ölkələrin sayı getdikcə artacaq".

D.Lahmanın sözlərinə görə, adı çəkilən ölkələrin borc böhranı artıq "xroniki" forma alıb. İqtisadçının düşüncələrini təhlil etdiyimiz zaman görürük ki, əgər Avropa ölkələrinin və bankların dəstəyi kəsilsə həmin ölkələr batacaq və özləri ilə digər ölkələri də bataqlığa sürükləyəcəklər.

Yunanıstan, İrlandiya, İspaniya və Portuqaliya avronun dəyərinin getdikcə artacağına ümid etdiklərindən, böyük itikilərin qarşısını almaq üçün valyuta devolvasiyası edə bilmirlər. Onlar devolvasiyanı ixracın stimullaşdırılması üçün də edə bilmirlər. İqtisadçı əminliklə deyir ki, bu ölkələrin borclarının silinməsinə Aİ və İMF icazə verməyəcəklər.

Bütün bunlarla bağlı iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Avropa iqtisadiyyatındakı hadisələr dünya iqtisadiyyatında maliyyə böhranının yenidən başlanacağına işarədir. Onun sözlərinə görə, bu ilin ortalarında dünya iqtisadiyyatında böhran meyilləri daha da genişlənəcək və 2011-ci il dünya iqtisadiyyatı üçün böhranın ağır mərhələsi kimi yadda qalacaq.

Amerikalı ekspertlərin Yunanıstan, İrlandiya, İspaniya və Portuqaliyanın Avrozonanı tərk etmələri ilə bağlı fikirlərinə münasibət bildirən ekspert belə bir addımın atılmasının ehtimallar arasında olmadığını deyir: "Həmin ölkələrin Avrozonadan çıxarılması Aİ və avronun qorunması kimi başa düşülə bilər, amma unutmamalıyıq ki, zəif ölkələrin kənarlaşdırılması iqtisadi baxımdan gələcəkdə Aİ-nin əhəmiyyətini aşağı salacaq". Avropada böhranın getdikcə daha da dərinləşəcəyini söyləyən V.Bayramov bunun daha çox Avropanın iqtisadi göstəricilərində özünü göstərəcəyini deyib. Avropada böhranın dərinləşməsi isə dünya iqtisadiyyatına və bütövlükdə dünyada böhranın dərinləşməsinə gətirib çıxara bilər.

Sonda isə mövzunu Azərbaycanla əlaqələndirsək deyə bilərik ki, məlum olduğu kimi, Azərbaycanın xarici ticarət dövriyyəsinin 65 faizi Avropa ölkələrinin payına düşür. Yəni, həmin ölkələrdə böhranın müşahidə edilməsi Azərbaycanın xarici ticarət dövriyyəsinə mənfi təsir edə bilər. Bu böhranın dərinləşməməsi üçün isə yeni illə yanaşı işləmək lazımdır!

Bütün xəbərlər Facebook səhifəmizdə