Azərbaycanda iqtisadiyyatı yalnız neft üzərində inkişaf etmir - Araşdırma

Azərbaycanda iqtisadiyyatı yalnız neft üzərində inkişaf etmir - Araşdırma
Azərbaycanın müstəqillik əldə etməsinin ilk illərində iqtisadiyyat yalnız neft üzərində qurulmuşdu. Hazırki vəziyyət isə bunun tam əksini deyir. Əslinə qalanda, belə də olmalıdır. Neft sahəsi Azərbaycan iqtisadiyyatının əsas gəlir mənbəyi ola bilər, amma bu o demək deyil ki, Azərbaycan başqa sahələrdə yerində saymalı, yalnız neft ehtiyatlarının hesabına inkişaf etməlidir. Heç bir təbii sərvətin tükənməz olmadığını hamımız yaxşı bilirik. Məhz buna görə də, qeyri-neft sahəsinin inkişafı ilə bağlı görülən işlər təqdirəlayiqdir. Hazırda əsas məqsəd qeyri-neft sektorunun stabil inkişafını təmin etməkdən ibarətdir. Təbii ki, görülən bütün işlər, iqtisadiyyatın inkişafı yolunda atılan adımlar əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını hədəfləyir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qeyd etdiyi kimi, qeyri-neft sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir: "Biz sənaye potensialını iki yerə bölsək görərik ki, neft sektorunda artım 2,4 %, qeyri-neft sektorunda isə 15,3 %-dir. Bu da bu günə qədər Azərbaycanda aparılan islahatların, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyümüz işlərin bariz nümunəsidir. Artımın 15%-dən çox olması Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir".

Azərbaycanda qeyri-neft sahələrinin inkişafı və neft sektorundan əldə edilən gəlirlərin səmərəli istifadəsi diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Məsələn, Azərbaycanda iş adamlarının fəaliyyətinə xüsusi diqqətlə yanaşılır, onların qarşılaşdıqları problemlərin həllinə mühüm önəm verilir. Buna səbəb isə qeyri-neft sektorunun sürətli inkişafını təmin etməkdir. Prezident bununla bağlı deyib: "Məqsəd ondan ibarətdir ki, bir neçə il sonra iqtisadi imkanlarımız elə həddə çatsın ki, neft amilindən asılılığımız tamamilə aradan qalxsın. Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcək".

Araşdırmalardan da məlum olur ki, sahibkarlara uzunmüddətli kreditlər verilir. Bu kreditlərin hesabına isə yeni müəssisələr, fabriklər, zavodlar yaradılır. Bu da onu göstərir ki, özəl biznes inkişaf edir. İqtisadiyyatımızın ümumi çəkisində özəl biznesin kifayət qədər böyük yeri var. Hətta Azərbaycan iqtisadiyyatının 80 faizdən çoxu özəl sektor əsasında qurulub.

Maddi resursların qeyri-neft sektorunun inkişafına yönəldilməsi baxımından Azərbaycan dünyada və MDB məkanında üstün mövqeyə malikdir. Belə ki, son illərdə dövlət büdcə xərclərinin bir neçə dəfə artması hesabına qeyri-neft sektoruna investisiyaların qoyulmasına diqqətin artırılması buna sübutdur.

İqtisadiyyata investisiya qoyuluşu həcminin artması ilə bağlı Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında Azərbaycanın 2010-cu ildə investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirdiyini deyib: "Baxmayaraq ki, bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və ölkələr öz xərclərini kəskin şəkildə azaldırlar, Azərbaycana xaricdən gələn investisiyaların artım prosesi davam edir və bu il də biz bunu müşahidə edirik".

2010-cu ilin birinci yarısında respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti üzərinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Bunlardan 9196-sı fərdi yaşayış və bağ evi, 18500-ü mənzil, 14802-si torpaq sahəsi, 2295-i qeyri-yaşayış sahəsi, 273-ü əmlak kompleksi, 9-u çoxmərtəbəli yaşayış binasıdır.

BMT Azərbaycan ilə qeyri-neft sektoru və effektiv idarəetmə sahəsinin inkişafı istiqmətində əməkdaşlığı davam etdirəcək. Bu barədə BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi, BMT İnkişaf Proqramının nümayəndəsi Fikrət Akçura Bakıda BMT İnkişaf Proqramının İnsan İnkişafı Hesabatının buraxılış təqdimatında deyib: "Azərbaycan müstəqilliyinin ilk illərində çox ağır problemlərlə qarşılaşıb, ölkə hərbi təcavüzə məruz qalıb və onun əraziləri işğal olunub. Bütün sosial-iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan yoxsulluğun səviyyəsini kəskin surətdə azaltmağa və sürətli iqtisadi artıma nail olub".

Onun sözlərinə görə, BMT İnkişaf Proqramının hesabatına görə, Azərbaycan son beş ildə dünyanın 169 ölkəsi arasında insan potensialının inkişafında ən əhəmiyyətli uğurlar qazanan ölkə sayılır: "Azərbaycan 2005-ci ildə insan potensialının inkişafı göstəricisinə görə 101-ci, 2010-cu ilin yekunlarına görə isə 67-ci yeri tutub ki, bu da yaxşı göstərici hesab olunur. Azərbaycan "Orta insan inkişafı" ölkələri qrupundan çıxaraq Braziliya, Türkiyə və Malayziya kimi "Yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olub".

Mövzu ilə əlaqədar statistik rəqəmləri öyrənmək üçün Dövlət Statistika Komitəsinə müraciət etdik. Komitə rəsmisinin məlumatına görə, ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 7358,7 milyon manat investisiya yönəldilib: "Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi ümumi sərmayənin 69,9 faizini təşkil edərək 5142,7 milyon manat olub. Dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar inşaat işlərinə 4433,9, milyon, qeyri-dövlət müəssisələri 2924,8 milyon manat vəsait sərf ediblər. İstehsal təyinatlı obyektlərin inşasında 5455,1 milyon, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində 1903,6 milyon manatlıq investisiyadan istifadə edilib. Əsas kapitala yönəldilmiş vəsaitin 79,9 faizini daxili investisiyalar, 20,1 faizini isə xarici sərmayələr təşkil edib. Daxili investisiyanın 70,4 faizi dövlət, 29,6 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşüb. İl ərzində əsas kapitala yönəldilən bütün investisiyanın 40,9 faizi sənayeyə, 23,8 faizi nəqliyyata, 10,9 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlara, 3,5 faizi kənd təsərrüfatına, 0,5 faizi digər sahələrə sərf olunub".

Dövlət iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına xüsusi önəm verir. Buna görə də qeyri-neft sektorunun inkişafı üçün ildən-ilə daha çox investisiya ayrılır. Məsələn, keçən il əsas kapitala yönəldilmiş ümumi investisiyanın 73 faizi qeyri-neft bölməsinin inkişafında istifadə edilib.

Mövzu ilə əlaqədar olaraq fikirlərini bildirən ekspert Vüsal Qasımlı bildirib ki, Azərbaycan ümumdaxili məhsulun inkişafına görə dünyanın 72-ci dövlətidir: "Ümumdaxili məhsulun illik gəliri 36,6 milyard manatdır. Məhsulun neft sektorundakı artımı 2,6 %, qeyri-neft sektorunda isə 5,9%-dir. Göründüyü kimi müqayisədə qeyri-neft sektoru neft sektorunu üstələyir. Bu da onu göstərir ki, Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir. Hələ nəzərə almalıyıq ki, Azərbaycanda bu il aqrar sahədə baş verən təbii fəlakətlər bir sıra problemlər yaranmasına şərait yaradıb. Aqrar sahədə bitkiliçiliyin istehsalı 9%, kənd təsərrüfatı məhsullarının istehsalı isə 2,7% azalıb".

Azərbaycanın qeyri-neft sektorunda əsas prioritet sahələrin müəyyənləşdiyini deyən ekspert onu da qeyd edib ki, dünyada baş verən iqtisadi böhran da qeyri-neft sektorunun inkişafına mənfi təsir edən amillər sırasındadır: "Telekommunikasiya, turizm, kənd təsərrüfatı və ona bağlı emal sənayesi, insan kapitalı və digər qeyri-neft sanaye sahələri Azərbaycan üçün gəlir gətirə biləcək perspektivli sahələr sırasındadır. Statistik göstəricilər də məhz bunu göstərir ki, hətta böhran ilində (2009) bütün dünyada iqtisadi inkişafda geriləmə baş verdi. Bu geriləmə özünü Azərbaycan iqtisadiyyatında 9% göstərib. Bunun da əsas payı qeyri-neft sektoruna düşüb. Məhz buna görə də, qeyri neft sektorunda vəziyyət gərgin hala çatıb".

Bütün xəbərlər Facebook səhifəmizdə