Cənubi Qafqazda ÜDM istehsalının 70 %-dən çoxu Azərbaycanın payına düşür
Son 15 ildə Azərbaycanın valyuta ehtiyatları 28 dəfə çoxalaraq 45 milyard dollara yüksəlib, iqtisadiyyata 250 milyard dollar investisiya yatırılıb
Son illərdə ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır. Dünya artıq müstəqil Azərbaycanı ciddi beynəlxalq layihələr həyata keçirən, islahatlar aparan, regional əməkdaşlığa və qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən qüdrətli dövlət kimi qəbul edir. Prezident İlham Əliyevin söylədiyi kimi, son 15 ildə dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçən Azərbaycanın valyuta ehtiyatlarının 28 dəfə çoxalaraq 45 milyard dollara yüksəlməsi, iqtisadiyyata 250 milyard dollar investisiyanın yatırılması bunu təsdiq edən ən vacib faktlardır. İnkişaf səviyyəsini xarakterizə edən bütün əsas göstəricilərin əhəmiyyətli dərəcədə yaxşılaşması Azərbaycanın regionda ən güclü iqtisadi potensiala malik olan ölkəyə çevrildiyini sübut edir.
Ümumiyyətlə, dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalar, demək olar ki, əksər ölkələrdə sərmayə qoyuluşunu azaldıb. Ancaq Azərbaycandakı mövcud investisiya imkanları və Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir. Dövlət başçısının tapşırıqlarına əsasən, investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərin nəticəsidir ki, Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Məlumdur ki, investorlar ancaq sabit olan ölkələrə sərmayə qoymaqda maraqlıdırlar.
Azərbaycana ən çox investisiya qoyan xarici şirkətlərin əksəriyyəti dünyanın 20 ən böyük ölkəsindən gəlir. Onların arasında İtaliya, Almaniya, Böyük Britaniya, ABŞ, Yaponiya, Rusiya Federasiyası, Türkiyə və digər ölkələr var. Türkiyə şirkətləri Azərbaycan bazarında daha fəaldırlar.
Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "açıq qapı" siyasəti həyata keçirilir. Hazırda hökumət ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir. Azərbaycan 51 ölkə ilə ikiqat vergitutma sahəsində sazişlər, 47 ölkə ilə ikitərəfli investisiya müqavilələri imzalayıb. Müxtəlif ölkələrlə ikitərəfli və çoxtərəfli "Vergi qanunvericiliyinə əməl olunması üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında", "Vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlıq haqqında" və "Əməkdaşlıq haqqında" sazişlər bağlanıb. Azərbaycan ərazisində xarici investisiya qoyuluşunun qorunması məqsədilə "Xarici investisiyanın qorunması haqqında" qanunu qəbul olunub. Qanun ölkə iqtisadiyyatında xarici maddi və maliyyə ehtiyatlarının, qabaqcıl xarici texnikanın və texnologiyanın, idarəetmə təcrübəsinin cəlb olunmasına, bunlardan səmərəli istifadə edilməsinə yönəlib və xarici investorların hüquqlarının müdafiəsinə təminat verir.
Dövlət başçısının dediyi kimi, Azərbaycan biznes sahəsində dünyanın aparıcı ölkələri sırasındadır və Dünya Bankının "Doing Business" hesabatında ölkəmizin dünya miqyasında biznes mühitinə görə 25-ci yerdə qərarlaşması bunu təsdiq edən real faktdır. Əlbəttə ki, belə bir böyük irəliləyiş uğurlu islahatların məntiqi nəticəsidir.
Qeyd edək ki, ötən il Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar həcmində investisiya yatırılıb və bu da ölkəmizin həm yerli, həm də xarici investorlar üçün cəlbedici məkan olduğunun göstəricisidir. İqtisadiyyat Nazirliyi tərəfindən 2019-cu il və növbəti 3 il üzrə ortamüddətli dövr üçün ölkəmizin sosial-iqtisadi göstəriciləri hazırlanıb. Əsas kapitala investisiya qoyuluşu 17,9 milyard manat, daxili sərmayələrin tutumunun 4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.
Ölkəmizdə 2019-cu il üçün dövlət investisiya proqramının əsas istiqamətləri və layihələrə ayrılması nəzərdə tutulan vəsaitlər də məlumdur. Bu, Azərbaycanın 2019-cu il üçün büdcə zərfində öz əksini tapıb. Büdcə zərfində 2019-cu il üçün dövlət investisiya proqramı 6 milyard 825 milyon 300 min manat həcmində qiymətləndirilir. Bu vəsaitin 5 milyard 129 milyon 600 min manatı əsaslı vəsait qoyuluşu hesabına, qalanı isə xarici kreditlər hesabına cəlb ediləcək. Dövlət investisiya proqramına əsasən, gələn il infrastruktur layihələrinə 4 milyard 960 milyon 674,6 min manat yönəldiləcək. Dövlət büdcəsində investisiyaların həcmi ilə bağlı nəzərdə tutulan artım və builki göstəricilər, onu deməyə əsas verir ki, 2019-cu ildə də dayanıqlı və tarazlı inkişafın təmin olunmasında iqtisadiyyata investisiyaların cəlb edilməsi xüsusi rol oynayacaq.
Göründüyü kimi, Azərbaycan son 15 il ərzində, böyük və şərəfli yol keçib. İri sərmayəçi kimi mövqeyini möhkəmləndirən Azərbaycan həm də regionda xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə bu gün MDB-də aparıcı dövlətlərdən birinə çevrilib.
Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında respublikamız bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilən ölkə kimi səciyyələndirilir. Azərbaycan Cənubi Qafqazın iqtisadi mərkəzidir. Cənubi Qafqazda ÜDM istehsalının 70 faizdən çoxu Azərbaycanın payına düşür. Əldə edilən uğurlar da, onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı 2019-cu ildə də öz inkişaf dinamikasını qoruyub-saxlayacaq və iqtisadi artımın müsbət meyilləri davam edəcək.
"Səs" Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB