Paytaxtın mərkəzində 1 sot torpağın qiyməti neçəyədir?

Paytaxtın mərkəzində 1 sot torpağın qiyməti neçəyədir?

Bu ilin noyabr ayı ərzində bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən SİA-ya verilən məlumata görə, köhnə yaşayış evlərinin sökülməsi tendensiyası zəif olaraq qalıb. Boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə (III və IV zonalar üzrə) doğru genişlənməkdə davam etsə də, tikintinin tempində mövsümi amillərlə bağlı azalma müşahidə olunub.

Aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinib. Regionların sosial-iqtisadi inkişaf proqramı ilə bağlı bu tendensiya daha da dərinləşməkdə, infrastruktur tikintisinin coğrafiyası daha çox mərkəzdən kənar ərazilərə doğru genişlənməkdə davam edib.

Noyabrda bazara təklif olunan ümumi 799,7 ha torpaq sahəsinin 80,2 faizini boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında təklifə çıxarılan torpaq sahələrinin qiymətində ötən ayla müqayisədə heç bir dəyişiklik baş verməyib, stabillik müşahidə olunub. Torpaq bazarında qiymət indeksi ötən aydakı 240.5 həddində qərarlaşıb.

Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası noyabr ayında dəyişməyərək stabil qalıb. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında ötən ayla müqayisədə stabillik müşahidə olunub və bazarın bu seqmenti üzrə aktivlik əvvəlki aya nisbətən nisbi şəkildə müsbətə doğru dəyişib.

Aparılan bazar araşdırmaları göstərir ki, şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşması I zonada tələb və təklifin strukturunun dəyişməsi ilə yanaşı, qiymətlərin stabilləşməsinə səbəb olub. Söküntü işlərinin azalmasına baxmayaraq, I zonada torpağın bazar qiyməti hələ də real dəyərindən baha olaraq qalmaqdadır. Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə nisbi olaraq 0.5 faiz artıb.

Noyabr ayı ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə heç bir dəyişiklik müşahidə edilməyib, ötən ayda olduğu kimi qalıb. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 14243 dollar/sot səviyyəsində qalıb, bu səbəbdən indekslərdə də stabillik qorunub saxlanılıb.

Ay ərzində əsasən şəhərin I zonasında nisbi qiymət artımı (0,4 faiz) qeydə alınıb, IV zonanın torpaq qiymətlərində isə nisbi azalma (0,5 faiz) müşahidə edilib. Digər zonalarda heç bir dəyişiklik qeydə alınmayaraq orta qiymət dəyişməsi stabil olaraq qalıb.

I zona 17248 0,4

II zona 96842 0

III zona 18969 0

IV zona 3504 - 0,5

Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması, I zonada tələbin aşağı düşməsinə baxmayaraq qiymətlərin də nisbi artmasına səbəb olub. Noyabr ayında IV zonada qeydə alınan qiymət azalması isə təbii xarakter daşımağa başlayıb. Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsinə təsir göstərib. Bütün bunlarla yanaşı, torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağın hələ də aşağı olması ilə nəticələnir. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini nisbi azaldıb.

Noyabrda rayonlar üzrə cüzi qiymət artımı əsasən Nəsimi (0.3 faiz) rayonunda, nisbi qiymət azalması isə və Xəzər və Sabunçu rayonları üzrə (0,4 faiz) qeydə alınıb. Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Xətai rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur.

Noyabr ayında da torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 230 000 dollarsot Nəsimi (Nəsimi bazarı yaxınlığı) rayonunda, ən ucuz torpaq sahəsi isə 350 dollarsot Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə