Mənzil bazarında alıcı qıtlığı hökm sürür

Mənzil bazarında alıcı qıtlığı hökm sürür

2010-cu ilin noyabr ayı ərzində "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi monitorinq qrupu tərəfindən paytaxtın ilkin mənzil bazarında aparılan araşdırmalar zamanı ötən ayla nisbətdə alqı-satqı prosesində aktivliyin azalması müşahidə edilib. Birlikdən SİA-ya verilən xəbərə görə, bünövrəsi qoyulan tikililər sırasında əsas üstünlüyü dövlət əhəmiyyətli obyektlər təşkil etsə də, yaşayış binalarının siyahısında da artım qeydə alınıb. Belə ki, "Gilan İnşaat" şirkəti tərəfindən Yasamal rayonu, 546-cı məhəllə, Ş.Mehdiyev küçəsi, 19 ünvanı ilə H.Cavid küçəsi, 26 ünvanının kəsişməsində (H.Cavid bağının yanı) yeni yaşayış binasının bünövrəsi qoyulub. Layihəyə əsasən 3 bloklu binanın bloklarından biri 19, ikisi 17 mərtəbəli olacaq.

Noyabr ayındakı passivlik satışın həcminə də mənfi təsir göstərib və heç bir bina satışdan çıxmayıb. Lakin 1 yaşayış binasının daxil olması ilə binaların sayı 443-ə çatıb. Seqment üzrə ümumi tikinti işlərini aparan şirkətlərinin sayı 155 ədəd olaraq qalıb.

Bazarda aparılan qiymət monitorinqinin nəticələrinə görə, paytaxt üzrə noyabr ayı ərzində satış üçün təklif оlunmuş mənzillərin оrta qiymətində 0,2% azalma müşahidə edilib. Azalmaya səbəb kimi bir sıra şirkətlərin yeni il kampaniyası- endirim etmələrini və təbii ki, alıcı qıtlığının hökm sürməsini əsas gətirmək olar. Qiymət azalması əsasən 3 və 4-cü zonaların payına düşüb. Orta qiymət ötən aydakı 864 manata qarşı 862 manat təşkil edib.

Oktyabr ayı ilə müqayisədə noyabr ayında qiymət fərqi 0,2%, ötən rüblə nisbətdə isə 0,5% azalma təşkil edib. Noyabr ayının ilkin mənzil bazarındakı bu qiymət göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5%, ilin əvvəlinə nisbətdə isə 3,9% azalma ilə əks edilib. Qiymət indeksində 0,2% azalma baş verərək ötən aydakı 331.0 bəndinə qarşı 330 səviyyəsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə