"Mənfi proseslərin Azərbaycana sirayət etməsinin qarşısını almalıyıq"

"Mənfi proseslərin Azərbaycana sirayət etməsinin qarşısını almalıyıq"

Elmin maliyyələşdirilməsi üçün xərclər ötən illə müqayisədə təxminən 5 milyon manat artıb. Bu artım bizi tam qane etmir. Lakin biz dövlət imkanlarını nəzərdən keçirərək, artımları imkanlarımıza uyğunlaşdırırıq". SİA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentdə komitələrin birgə iclasında büdcə zərfinin müzakirələri zamanı çıxış edərkən deyib.

O bildirib ki, 2019-cu ilin büdcə hazırlanması prosesin yeni büdcə qaydası əsasında həyata keçirilib.

Nazirin sözlərinə görə, bu büdcə qaydası müəyyən xətlər qoyub və onlar asanlıqla dəyişdirilə bilməz: "Orada bir neçə məhdudlaşdırıcı xətt var. Bu xətlərdən biri xalis maliyyə aktivləridir. Dövlətimizin xarici valyutada olan və digər aktivlərindən borclar çıxıldıqdan sonra müəyyən faizi istifadə edilə bilər. Bu faiz orada müəyyən edilir. Bu, birinci məhdudlaşdırıcı amildir. Digər meyar ondan ibarətdir ki, növbəti ilin büdcəsi əvvəlki ilin büdcəsindən 103 faiz artıq ola bilməz, əvvəlki ilin qeyri-neft baza kəsiri isə növbəti ildən aşağı olmalıdır. Ona görə də çalışırıq ki, dövlətin bütün vəzifələrini bu çərçivədə həyata keçirək".

S. Şərifov qeyd edib ki, icmal büdcəyə əsasən, dövlət büdcəsində nəzərdə tutulan neftin proqnoz qiyməti nəzərə almaqla 2019-cu ilin sonunda Dövlət Neft Fondunda əlavə təxminən 1-2 milyard dollara yaxın gəlir olacaq: "Bunun özü müsbət göstəricidir. Biz bir tərəfdən bütün xərclərimizi təmin edir, digər tərəfdən ehtiyatlarımızı artırırıq. Digər tərəfdən xərclərimizi elə həyata keçiririk ki, onlar makro iqtisadi sabitliyə təsir göstərməsin. Bütün bunlar kifayət qədər mürəkkəb xarici mühitdə baş verir. Siz görürsünüz ki, bizim ətrafımızda xarici iqtisadi mühit hansı vəziyyətdədir. Şübhəsiz ki, regionda baş verən proseslər Azərbaycana da öz təsirini göstərə bilər. Şübhəsiz ki, biz həmin mənfi proseslərin Azərbaycana sirayət etməsinin qarşısını almalıyıq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə