“Azərkimya”ya yeni kranlar gətirilib

“Azərkimya”ya yeni kranlar gətirilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyində maşın-mexanizm parkının yeni, müasir texnika və mexanizmlərlə təchizatı uğurla davam etdirilməkdədir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə ARDNŞ-ın sifarişi əsasında Almaniyadan alınan müasir kranlar "Azərikimya"nın Nəqliyyat və xüsusi texnika İdarəsinə təhvil verilib. Bu unikal kranlar Birliyin texniki bazası üçün ilk dəfə alınan çoxtonnajlı xüsusi texnikadır. Onlardan biri 100, digəri isə daha çox həcmdə - 200 ton yükqaldırma qabiliyyətinə malikdir. Kranların hər birinin qaldırıcı qolunun ümumi uzunluğu 72 metrdir. Bu isə kranlar vasitəsilə 65 metrə qədər hündürlüyə yük qaldırmağa və həmin yüksəklikdə yerləşən kalon, qüllə və digər texnoloji qurğuların yuxarı hissələrində quraşdırma, təmir və demontaj işləri aparmaga imkan verir.

Kompüterlə idarəetmə sisteminə malik hər iki kran qaldırılacaq hündürlükdən asılı olaraq yükün maksimal həddini müəyyən etməyə imkan verir. Bu, həm texniki təhlükəsizlik, həm vaxt itkisinin qarşısının alınması, həm də görüləcək işlər zamanı kranların işinə əlavə nəzarətə ehtiyacın olmaması baxımından xüsusilə əhəmiyyətlidir.

Qeyd etmək lazımdır ki, ARDNŞ-in tərkibinə verildikdən sonra "Azərikimya" İstehsalat Birliyinə 50-dən artıq yeni texnika və mexanizm alınıb. Bu isə yalnız nəqliyyat işçilərinin deyil, eyni zamanda kimyaçıların da əməyini yüngülləşdirib, istehsalat proseslərini günün tələbləri səviyyəsində qurmağa şərait yaradıb. Yeni gətirilən kranlardan Etilen-polietilen zavodunda istismardan çıxarılan istehsalat sahələrinin, sex və qurğuların demontaj olunmasında, kimya müəssisələrində daha müasir texnoloji qurğu və komplekslərin inşasında və s. istifadə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə