“Yaşıl çay” FT MMC-də tritikale əkininə start verilib

“Yaşıl çay” FT MMC-də tritikale əkininə start verilib

Oktyabrın 4-də “Yaşıl çay” FT MMC-nin kollektivi tritikala əkininə başlayıb. “Yaşıl çay”ın məlumatına görə, çoxprofilli təsərrüfatda çayçılıqla yanaşaı, ölkəmizin ərzaq təhlükəsizliyində mühüm rol oynayan heyvandarlığın inkişafına da ciddi diqqət yetirilir. 300 başdan artıq iribuynuzlu heyvanın saxlandığı fermanın yemlə təmin olunması üçün təsərrüfat ənənəvi yemlərlə yanaşı, daha səmərəli qüvvəli yem növlərinin tədarükünə də ciddi diqqət verir. Bu məqsədlə kollektiv 2017-ci ildə ilk dəfə olaraq sınaq məqsədilə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunTərtər bölgə təcrübə stansiyasında alınmış “Ləyaqət” və “Samur” sortundan istifadə etməklə əkin keçirib. Haşiyə: Tritikale nədir? –Tritikale buğda və çovdarın hibrididir. Özündə buğdaya və çovdara xas olan müsbət irsi əlamətləri birləşdirilmişdir. Buğdadan sünbülün (sünbülcüklərin) çiçəkliyini, dənin keyfiyyətini və iriliyini: çovdardan isə şaxtaya davamlılığı, güclü kollanmağı, sünbülün uzunluğunu, sürətlə inkişaf etməyi, göbələk xəstəliklərinə davamlı olmaq kimi müsbət əlamətləri özünə keçirmişdir.

Dənində 15-18% zülal olur. Buğdaya nisbətən zülal 1,0-1,5%, çovdara nisbətən isə 3-4% artıq olur.

Təsərrüfatın rəhbəri Araz Yağubovun dediyinə görə, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər bölgə təcrübə stansiyasından aldığımız elit tritikale sortu yüksək məhsuldarlığı ilə diqqəti cəlb edib. Belə ki, keçən il hər hektardan 45 sentener məhsul götürdük. Qərara aldıq ki, keyfiyyətcə arpadan geri qalmayan, məhsuldarlığına görə isə onu qat-qat üstələyən tritikale əkin sahələrini bu il daha da artıraq.

Hazırda səpin gedən sahələrdə olduq. Burada təsərrüfatın İcraçı direktoru Elşad Yaqubovla görüşdük. O, tritikale əkini ilə bağlı bizə məlumat verdi. Bildirdi ki, artıq 8 hektara yaxın sahə bu məqsədlə hazır vəziyyətə gətirilib. Bu gündən başlayaraq səpinə başlamışıq. Havalar imkan verərsə, qısa müddətdə nəzərdə tutduğumuz səpin işlərini başa çatdıracağıq.

Qeyd edək ki, alimlərin tədqiqatlarına görə tritikale həqiqətən məhsuldar, xəstəliyə davamlı, daha az sahədə bol məhsul verən taxıl növüdür. Heyvandarlıqla məşğul olan aztorpaqlı təsərrüfatçıların tritikale əkininə üstünlük verməsi daha məqsədəuyğun olardı.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə