“Azərbaycanda yaşıl iqtisadiyyatın və yaşıl biznesin perspektivləri” adlı seminar keçirilib
Bu gün Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), ATİB-in birinci vitse-prezidenti olduğu Qara dəniz və Xəzər dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin (UBCCE) və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) təşkilatçılığı və "CNİM" şirkətinin dəstəyi ilə "Azərbaycanda yaşıl iqtisadiyyatın və yaşıl biznesin perspektivləri" mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. Tədbirdə çıxış edən UBCCE-nin birinci vitse-prezidenti və ATİB-in fəxri sədri Ahmet Erentok tədbirin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, hazırda Azərbaycanda alternativ enerjinin əldə olunması üçün bütün lazımı şərait mövcuddur.
Sənaye və Energetika Nazirliyinin (SEN) Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov isə Azərbaycanda qeyri-ənənəvi mənbələrdən günəş, hidroelektrik, külək və s. alınan yeni enerji ehtiyatlarından istifadənin mümkünlüyü və eyni zamanda müvafiq proqramların icrası ilə bağlı və həmçinin enerji səmərəliliyi barəsində danışıb.
ARDNŞ-in Ekoloji Layihələrin İdarəedilməsi Departamentinin direktoru Ramiz Əliyev və GTZ-in Ətraf Mühit və İqlim Dəyişikliyi Departamentinin Ətraf Mühit, Resurs Səmərəliliyi və Tullantıların İdarəedilməsi şöbəsinin rəhbəri Detlef Şrayber isə Azərbaycanda tullantıların idarə olunması sisteminin kompenentləri, eyni zamanda tullantıların toplanması, daşınması, emalı, təkrar emalı, yerləşdirmə və tullantılara nəzarət və onun kommersiya səmərəliliyi barəsində tədbir iştirakçılarını məlumatlandırıb.
"Ölkənin neft-kimya sənayesində ətraf mühit standartlarının tətbiqi" adlı birinci sessiyada neft-kimya sənayesində ətraf mühit standartlarının tətbiqinin yeni institusional və hüquqi çərçivələri eləcə də bu sahədə beynəlxalq əməkdaşlıq üçün mümkün istiqamətlər müzakirə olunub.
Eyni zamanda tədbir çərçivəsində ATİB tələbələr arasında keçirdiyi müsabiqənin qaliblərini mükafatlandırıb. Qalib olan tələbələrə müvafiq diplomlar və pul mükafatları verilib.
Qeyd edək ki, seminar UBCCE və GTZ təşkilatlarının ortaq olaraq həyata keçirdikləri "UBCCE" ölkələrində "Yaşıl Biznesi Dəstəkləmə Strategiyasının Formalaşdırılması" layihəsi çərçivəsində təşkil edilib. Layihəyə Almaniya Ətraf Mühit Nazirliyi tərəfındən də dəstək verilir. Layihənin əsas məqsədi iqlim dəyişikliyinin ortaya çıxartdığı çağırışlara və imkanlara özəl sektor tərəfındən çevik və səmərəli cavab verilməsi üçün ümumi biznes strategiyasının formalaşdırılmasıdır.
Strategiya çərçivəsində özəl sektora və digər maraqlı tərəflərə idarəetmə məsələləri, biznes imkanları, texnologiyaları transferi və əməkdaşlıq barədə lazımi informasiya təqdim ediləcək. Layihənin əsas fokusu iqlimə uyğun texnologiyalar, enerji və resurslardan səmərəli istifadə məsələləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB