Azərbaycanda alternativ enerjinin alınması üçün Günəş bağları salınacaq
"Gələcəkdə Azərbaycanda günəş potensialı hesabına alınan enerjinin miqdarı digər növlərdən daha üstün olacaq və yaxın 10-15 ilə Azərbaycanın bərpa olunan enerji sektoruna həm də qabaqcıl bir enerji mənbəyi daxil olacaq". Bu sözləri SİA-ya açıqlamasında Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov bildirib. Onun sözlərinə görə, günəş bağlarının salınması üçün Azərbaycanda münbit landşaft mövcuddur: "Bu şəraitin yaradılması Azərbaycanın dağlıq zonalarında əkinçiliyə, kənd təsərrüfatı üçün yararsız olan torpaqların yenidən bərpasına böyük köməklik göstərəcək. Çünki bizim günəşli günlərimizin sayı, günəşin intensivliyi və Azərbaycanın yeni texnologiyalara qarşı meyilliliyi və ölkə daxilində inkişafı gələcək nanotexnologiyanın öyrənilməsinə gətirib çıxaracaq. Hazırda bəzi müəssisələr yeni texnologiyaların inkişafına maraq göstərirlər. Bu da günəş potensialı hesabına alınan enerjinin miqdarının artırılması istiqamətində əldə olunan yeni texnologiyanın Azərbaycanda inkişafını təmin edə biləcək. Bunun nəticəsində günəş energetikasının inkişafına nail ola biləcəyik".
Cəmil Məlikov eyni zamanda dövlət agentliyi tərəfindən qurumun qanunvericiliyinin təkmilləşdirilməsinə diqqət yönəltdiyini və proqramlar nəticəsində real qanunvericilik bazasının mövcud olacağını bildirib: "Avropa Komissarlığı tərəfindən dəstəklənən qanunlar çərçivəsində qanunvericilik bazasının inkişafı energetikanın bütün sahələrində kifayət qədər uğurların əldə olunmasına gətirib çıxaracaq. Biz ümidvarıq ki, bütün bu proqramlar nəticəsində real qanunvericilik bazamız mövcud olacaq. Bu sahənin dəstəklənməsi üçün, münbit şərait yaradılması üçün əlavə qanunvericilik sənədlərinin hazırlanmasında ehtiyac duyulan və gündəmdə olan bir məsələdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB