OPEC “World Oil Outlook” hesabatını təqdim edəcək

OPEC “World Oil Outlook” hesabatını təqdim edəcək

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) sentyabrın 23-də Əlcəzairdə keçiriləcək növbəti – X iclası çərçivəsində təşkil ediləcək mətbuat konfransında OPEC-in 2018-ci il üzrə “World Oil Outlook” hesabatı təqdim olunacaq. OPEC xəbər verir ki, təqdimat mərasimində Əlcəzairin energetika naziri Mustapha Guitouni və OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo iştirak edəcək. Həmçinin ilk dəfə “World Oil Outlook” hesabatı üçün “Smart APP” təqdim ediləcək. Bu applikasiya nəşrin təhlili və enerji məlumatlarını daha rahat əldə etmək imkanı yaradır.

OPEC “World Oil Outlook” hesabatını 2007-ci ildən nəşr etməyə başlayıb.

Qeyd edək ki, JMMC-nin IX iclası bu il iyunun 21–də Avstriyanın paytaxtı Vyanada keçirilib.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə