Ölkə başçısının Sərəncamı ilə Zərdab rayonunun Zərdab–Qaravəlli avtomobil yolunun tikintisinə dövlət büdcəsindən 1,32 milyon (bir milyon üç yüz iyirmi min) manat ayrılıb
Bu gün ölkəmizin artan iqtisadiyyatı ölkəmizin simasının başdan-başa dəyişməsinə səbəb olub. Bu nəzərəçarpacaq dərəcədə olan dəyişiklikdə Azərbaycanın beynəlxalq standartlara cavab verən magistral yollarını vurğulamaq lazımdır. İndi ölkəmizin yolları Avropa ölkələrinin yolları ilə müqayisə olunacaq dərəcəyə çatıb. Bu sahəyə dövlət tərəfindən ayrılan diqqət avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmini artırıb.
"Ölkəmizin hərtərəfli inkişafı üçün yol infrastrukturu da böyük rol oynayır" - deyən Cənab İlham Əliyev yolların tikintisi məsələlərinin daim diqqət mərkəzində olduğunu vurğulamışdır: "İlk növbədə magistral yollardan, ondan sonra şəhərlərarası, daha sonra kəndlərarası, kənddaxili yollardan başladıq. Bu gün bu proses geniş vüsət almışdır. Hər bir rayonda yol layihələri icra edilir".
Bu gün Azərbaycanda dövlət büdcəsi hesabına ən müasir yol infrastrukturu qurulur. irimiqyaslı layihələr icra olunur. İndi istər paytaxt Bakıda, istərsə də bölgələrdə uzanan müasir yollar ümumilikdə ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin etməklə yanaşı, regionların sosial-iqtisadi inkişafına da təsir göstərir. Azərbaycan Prezidentinin sərəncam və göstərişlərinə əsasən, ölkəmizin hər yerində paytaxtımızda, eləcə də regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına ayrılan diqqətin nəticəsidir ki, avtomobil yol şəbəkəsi genişlənir, infrastruktur təzələnir və müasirləşir. Bu yaxınlarda Cənab İlham Əliyevin Şəmkir rayonunun Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolunun tikintisi ilə bağlı imzaladığı Sərəncamı ilə yetmiş bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolunun tikintisinə dövlət büdcəsindən 4,8 milyon (dörd milyon səkkiz yüz min) manat ayrılıb. On bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Bakı-Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi - Navahı–Pirsaat avtomobil yolunun tikintisinə isə dövlət büdcəsindən 3,8 milyon (üç milyon səkkiz yüz min) manat ayrılıb.
Azərbaycan Respublikası Prezidentinin bu günlərdə isə Zərdab rayonunun Zərdab–Qaravəlli avtomobil yolunun tikintisi ilə bağlı imzaladığı Sərəncamına əsasən, yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Zərdab–Qaravəlli avtomobil yolunun tikintisinə dövlət büdcəsindən 1,32 milyon (bir milyon üç yüz iyirmi min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Dövlət başçısının bir-birinin ardınca bu sahə üzrə imzaladığı sərəncamları regionlarımızın sürətli inkişafına, ən əsası isə, xalqın sosial rifahının yüksəldilməsinə, rahatlığının təmininə öz töhfəsini verməkdədir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri olan müasir yol infrastrukturunun yaradılması istiqamətində mühüm nailiyyətlə əldə olunub və bu gün də layihələrin icrası uğurla davam etməkdədir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB