Naxçıvanda yol-nəqliyyat infrastrukturu yenilənir və müasirləşir
Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə avtomobil yollarının bərpası və yenidən qurulması və yeni yol şəbəkələrinin çəkilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Dahi Öndərin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən ölkə Prezidenti Cənab İlham Əliyev, bütün sahələrə olduğu kimi, bu sahənin də inkişafını prioritet istiqamət kimi müəyyənləşdirib.
Dövlət başçısının imzaladığı sərəncamlara, qəbul olunan dövlət proqramlarına uyğun olaraq, yol-nəqliyyat infrastrukturunun yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yenilənməsi və müasirləşdirilməsi istiqamətində işlər uğurla davam etdirilməkdədir. Regionların, həmçinin, kənd və qəsəbələri birləşdirən avtomobil yolların, yolayırıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Ölkəmizin hər yerində oludğu kimi, Naxçıvan Muxtar Respublikasında da aparılan genişmiqyaslı quruculuq işləri zamanı yol tikintisinə xüsusi diqqət yetirilir. Son illər muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınmış, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilmiş və yeni körpülər tikilmişdir. Muxtar respublikada müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları istifadəyə verilmiş, yol təsərrüfatının yenidən qurulmasında əsas amil olan keyfiyyətli asfalt istehsalına nail olunmuşdur. Son illər Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti və onun tabeliyində olan Yol-İstismar İdarələrinin maddi-texniki bazası da xeyli möhkəmləndirilmişdir. Bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikada yol tikintisinin səmərəli təşkilinə şərait yaratmış və müasir mühəndis-texniki tələblərə cavab verən avtomobil yolları inşa olunmuşdur.
Son illər muxtar respublikanın qonşu ölkələrlə iqtisadi əlaqələri daha da genişləndirilmiş, beynəlxalq yük və sərnişin daşımalarında əhəmiyyətli rol oynayan magistral yollar yenidən qurulmuşdur. Belə ki, 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 34 kilometrlik Naxçıvan-Culfa və 88,8 kilometrlik Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolları yenidən qurularaq istifadəyə verilmişdir. Ötən müddət ərzində, ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq, Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi, Çeşməbasar-Boyəhməd, Hacıvar-Vayxır-Sirab və Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolları yenidən qurularaq, istismara verilmişdir. Kəndlərin yol infrastrukturunun tamamilə müasirləşdirilməsi yaşayış məntəqələri arasında avtomobillərin təhlükəsiz və rahat hərəkətinin, eləcə də, kəndlərin turizm potensialının artmasına və iqtisadiyyatın inkişafına səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində Naxçıvanda yol tikintisi sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, Naxçıvan şəhərini digər şəhərlərlə birləşdirən gözəl və çox keyfiyyətli yollar salındığını vurğulamışdı: "Naxçıvan-Culfa, Naxçıvan-Şahbuz, Naxçıvan-Sədərək yolları ən yüksək standartlara cavab verir... Kənd yollarının tikintisi də uğurla gedir və bu proses davam etdiriləcək".
Muxtar Respublikada qış aylarında yolların qar və buzdan təmizlənməsi üçün istifadə olunan texnikaların saz vəziyyətə gətirilməsi, ehtiyat hissələri ilə təminat magistral və ucqar kəndlərə hərəkətin fasiləsizliyini təmin etmişdir. Həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini vermiş, muxtar respublikada mövcud olan 274 kilometr dövlət əhəmiyyətli və 1199 kilometr yerli əhəmiyyətli avtomobil yollarında qarlı-çovğunlu günlərdə belə hərəkətin intensivliyi tam təmin edilmişdir. Bu sahədə reallaşdırılan layihələrin əsas hədəfi muxtar respublikanın sosial-iqtisadi inkişafını təmin etməkdir.
Muxtar respublikada magistral avtomobil yolları ilə yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq, 5 yaşayış məntəqəsini əhatə edən Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi, 20 yaşayış məntəqəsini əhatə edən Çeşməbasar-Boyəhməd, 13 kəndi əhatə edən Hacıvar-Vayxır-Sirab və 7 yaşayış məntəqəsini əhatə edən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolları yenidən qurularaq, istismara verilmişdir.
Muxtar respublikanın ən ucqar dağ və sərhəd kəndlərinin yol infrastrukturunun tamamilə müasirləşdirilməsi də yaşayış məntəqələri arasında avtomobillərin təhlükəsiz və rahat hərəkətinə, eləcə də, kəndlərin turizm potensialının artmasına və iqtisadiyyatın inkişafına səbəb olmuşdur. Təkcə bir faktı qeyd edək ki, son illər muxtar respublikada kəndlərarası və kənddaxili avtomobil yolları da daxil olmaqla, salınan avtomobil yollarının həcmi sovet dövründə salınmış avtomobil yollarının həcmindən dəfələrlə çoxdur.
Görülən işlər, bir daha deməyə əsas verir ki, həyata keçirilən infrastruktur layihələr nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB