Özbəkistan nümayəndə heyəti bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub

Özbəkistan nümayəndə heyəti bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub
Dekabrın 3-dən 5-dək "Bakı Expo Center" Sərgi Mərkəzində keçirilən Özbəkistan Respublikasının Milli Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının baş nazirinin müavini, Xarici İqtisadi Əlaqələr, İnvestisiya və Ticarət naziri cənab Eliyor Qəniyevin başçılıq etdiyi nümayəndə heyəti və iqtisadi inkişaf naziri cənab Şahin Mustafayev Bakıda və Sumqayıtda müasir texnologiyalar əsasında fəaliyyət göstərən müəssisələrdə olublar. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Sumqayıt Texnologiyalar Parkında olan qonaqlara bildirilib ki, texnopark Azərbaycan sənayesində yeni infrastruktur layihələr həyata keçirən nəhəng istehsal müəssisəsidir. Hazırda texnoparkda 6 zavod fəaliyyət göstərir. Yaxın vaxtlarda daha 2 zavodun - Sinkləmə və Dəqiq emal mərkəzləri zavodlarının istifadəyə verilməsi nəzərdə tutulur. 8 zavodun inşası isə davam edir. Hazırda müəssisədə 800-ə qədər işçi çalışır. Bütün zavodlar fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayı 2500-ə çatdırılacaq. Texnoparkda ən müasir texnologiyalar əsasında ixrac yönümlü və maşınqayırma məhsulları istehsal olunur. 16 zavoddan ibarət olacaq bu parkda müxtəlif çeşidli məhsulların -kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular və s. istehsalı genişləndiriləcəkdir.

"Caspian Fish Co. Azerbaijan" müəssisəsinin fəaliyyəti ilə tanış olan Özbəkistan nümayəndə heyəti qabaqcıl texnologiyalar əsasında qurulmuş istehsal prosesi, o cümlədən müəssisədə istehsal edilən məhsullarla tanış olub. Müəssisədə istehsal olunan balıq və balıq məhsullarının xarici ölkələrə ixrac edildiyi haqqında nümayəndə heyətinə məlumat verilib.

Eliyor Qəniyev və Şahin Mustafayev "MKT İstehsalat-Kommersiya" MMC-nin Bakı İplik Fabrikində də olublar. Müəssisədə bildirilib ki, ən yeni texnologiya standartlarına cavab verən fabrikdə yerli xammaldan müxtəlif növ ipliklər istehsal edilir. Fabrikin potensial texnoloji imkanları çeşidləri artırmağa və daha 30 növ ip istehsal etməyə imkan verir. Məhsullar əsasən Rusiyaya ixrac edilir. Müəssisədə istehsal prosesi tam avtomatlaşdırılıb. İstehsal olunan məhsulun keyfiyyətinə nəzarət etmək məqsədilə fabrikdə Almaniya şirkətinin avadanlığı ilə təchiz edilmiş laboratoriya fəaliyyət göstərir. Müəssisənin qarşısında duran əsas məqsəd son məhsul istehsalının təşkili (trikotaj məhsulları), ixrac imkanlarını genişləndirməklə yeni məhsulları dünya bazarlarına çıxarmaqdır.

Özbəkistan nümayəndə heyəti ilə müzakirələr aparılıb və iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, işgüzar görüşlərin əhəmiyyəti vurğulanıb. Müzakirələr zamanı əməkdaşlığın mümkün sahələrinin müəyyənləşdirilməsi və bu istiqamətdə sistemli tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd edilib.

Qeyd edək ki, qonaqlar Azərbaycanda gedən dinamik sosial-iqtisadi inkişafdan, müasir standartlara cavab verən müəssisələrdə yeni texnika, avadanlıq və texnologiyaların tətbiqindən məmnunluqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə