2011-ci ilin əvvəlində internet qiymətlərinə yenidən baxılacaq - AÇIQLAMA

2011-ci ilin əvvəlində internet qiymətlərinə yenidən baxılacaq - AÇIQLAMA
Son dövrdə ölkədə internet qiymətləri 3 dəfə aşağı düşüb. Bu barədə SİA-ya Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktoru Beytulla Hüseynov açıqlamasında deyib. O bildirib ki, ən böyük provayder olan "Bakinternet"in hazırda beynəlxalq trafiki 2.5 meqabitə çatıb. Onun sözlərinə görə, hazırda 1 meqabit internet 20 manat həcmindədir: "Bizim internet paketlərimizin sayı çoxdur. Buraya gecə saatları və digər pakletlər daxildir. Düşünürəm ki, biz gələn ilin yanvar ayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə internet qiymətlərinə yenidən baxacağıq".

ADSL xidmətlərinin inkişaf etdirilməsi ilə bağlı yeni avadanlıqların alınması məsələsinə toxunan B. Hüseynov söyləyib ki, hazırda "Bakinternet" dövlət provayderi kimi ən böyük beynəlxalq trafiklə ötürür: "Təbii ki, belə bir tarfikin idarə olunması, onun billinqi, monitorinqi yeni avadanlıqların quraşdırılmasını tələb edir. Bir dəfə yeni avadanlıq alınıb, quraşdırılıb. Hazırda bu şəbəkədə 100 mindən çox internet abunəçisi var. Gələn il bu rəqəmin 200 min olmasını planlaşdırırıq. Hətta bundan çox da ola bilər. Məhz buna görə də biz öz addımlarımızı atmağı düşünürük. Yeni avadanlıqların alınması məsələsi də artıq gündəmdədir. Qeyd edək ki, dövlətlə əlaqədar internet şəbəkəsində 25 özəl provayderlər də var ki, onlar da bu cür xidmətlərdən istifadə edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə