Almaniya Azərbaycanı Cənubi Qafqazda əsas iqtisadi tərəfdaş sayır
Kansler Angela Merkelin səfərinin nəticələri bunu bir daha təsdiqlədi
Bu gün Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə münasibətlərin inkişafı prioritet istiqamətlərdəndir. Məhz bu səbəbdən də ölkəmiz siyasi-iqtisadi və strateji mövqeyinə görə daim Avropanın diqqətini cəlb edib. Onu da, xüsusi olaraq, qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasətində Almaniya ilə münasibətlərin xüsusi yer tutmasının nəticəsidir ki, Azərbaycan Avropada ilk səfirliyini bu ölkədə açıb. Almaniya da Azərbaycanın Cənubi Qafqazda əsas tərəfdaşı hesab etməsinin, məntiqi nəticəsi olaraq, iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə geniş əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin indiyədək Almaniyaya etdiyi işgüzar və rəsmi, o cümlədən, Almaniya rəsmilərinin ölkəmizə səfərləri ikitərəfli əlaqələrin inkişaf etdiyini, hər iki dövlətin əməkdaşlıq tellərinin daha da dərinləşməsinə böyük maraq göstərdiyini təsdiqləyir.
Deyilənlərin bariz nümunəsi olaraq Almaniya Kansleri Angela Merkelin avqustun 25-də respublikamıza ilk səfərinin yekunları, belə bir qənaətə gəlməyi sübut edir.
"Bu səfər nəticəsində Almaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edəcək və bu səfər əlaqələrimizə yeni təkan verəcəkdir"
Azərbaycan Prezidenti İlham Əliyev Angela Merkellə görüşü zamanı qeyd etmişdir ki, bu tarixi səfər gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır: "Bu, Almaniya Kanslerinin Azərbaycana ilk səfəridir, bu, tarixi bir səfərdir. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər nəticəsində, Almaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edəcək və bu səfər əlaqələrimizə yeni təkan verəcəkdir. Bu gün biz gündəlikdə duran bir çox məsələləri çox açıq, konstruktiv şəkildə müzakirə etdik. Əminəm ki, aparılan danışıqlar, keçirilmiş fikir mübadiləsi gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır".
Qeyd emək lazımdır ki, Prezident İlham Əliyevlə danışıqlarda siyasi-iqtisadi əlaqələr, ticarət münasibətləri, regional təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə edildi. Eyni zamanda, bu faktı da vurğulamaq lazımdır ki, Almaniya yüksək iqtisadi göstəriciyə malik olan ölkə olmaqla yanaşı, Avropa İttifaqında əsas söz sahibidir və təbii ki, Almaniya ilə əlaqələrin inkişafı Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir və bu ölkə 1992-ci ilin yanvarında Azərbaycanın müstəqilliyini tanımaqla yanaşı, həmin ilin sentyabrında da Bakıda səfirliyini açıb.
Digər əsas amil isə, Almaniyanın alternativ enerji mənbələrinə maraq göstərməsidir. Təsadüfi deyil ki, Angela Merkel Bakıda mətbuat konfransında Azərbaycanın Avropa İttifaqının enerji şaxələndirilməsində güclü bir amil olduğunu deməsi deyilənlərin təsdiqidir. Angela Merkel keçirilən mətbuat konfransında da vuğulayıb ki, "Cənub Qaz Dəhlizi"nin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq. Kansler, həmçinin, Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını da yüksək qiymətləndirərək, qeyd edib ki, bu, Avropa ilə ticarət əlaqələrini genişləndirəcək, mübadilə aparılmasını yaxşılaşdıracaq.
Mətbuat konfransında A.Merkel Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın da iştirakını arzuladıqlarını bəyan edib. "Biz Dağlıq Qarabağ məsələsi ilə bağlı Minsk Qrupunda fəaliyyətimizi davam etdirəcəyik. Mən bu dəfə hər iki ölkəyə səfər etdim və bununla da, məsələnin təcili və necə həll olunması barədə bir daha aydın təsəvvür yarandı. Biz səylərimizi artıracağıq və bütün tərəflər də iştirak etməlidir ki, bir həll yolu tapılsın və biz buna töhfəmizi verəcəyik"-deməsi Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə ədalətli həlli prosesini arzulaması istəyini göstərdi. Yəni xanım kansler, onu bir daha demək istəyir ki, sülh və danışıqlar yolu ilə münaqişənin həlli limiti hələ tam tükənməyib və bunlar söz olaraq qalmayacaq, Qarabağ münaqişəsinin həlli prosesində öz müsbət rolunu oynayacaq.
Bu gün tam əminliklə vurğulamaq lazımdır ki, Azərbaycan zor, təhdid, təzyiq, diktə dilini sevmir və qəbul etmir. Yəni hər kəslə bərabərhüquqlu münasibətlərin qurulması tərəfdarı kimi çıxış edir və öz mövqeyində də israrlıdır. Bu baxımdan da, Azərbaycan hər kəslə səmimi, açıq əməkdaşlıqda maraqlıdır və qarşı tərəfdən də bunları gözləyir.
Ümumiyyətlə, bu tarixi səfər ikitərəfli münasibətlərdə yeni mərhələ yaradacaq və bu, Azərbaycanın maraqlarına uyğundur.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB