42,7 ton polietilen torbanın satışı dayandırılıb

42,7 ton polietilen torbanın satışı dayandırılıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsi, 76 ünvanında "EL-Plastik" MMC və Metallurq küçəsi, 1 ünvanında fəaliyyət göstərən "Qayğı" kiçik müəssisəsində aparılmış yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkar olunub. İİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müəyyən edilmiş pozuntularla bağlı, polietilen torbaların istehsalının dayandırılması və ticarət şəbəkəsindən geri yığılması, etiketlərində təyinatına uyğun olaraq "Ərzaq malları üçün" və ya "Qeyri-ərzaq malları üçün" sözləri göstərilməməklə istehlakçılara zəruri məlumatlar verilmədiyi üçün 40,7 ton polietilen torbanın satışının dayandırılması barədə "EL-Plastik" MMC-yə və 2 ton polietilen torbanın satışının dayandırılması barədə "Qayğı" kiçik müəssisəsinə icrası məcburi göstərişlər verilib.

Bununla yanaşı, satışı dayandırılmış polietilen torbalardan 28 nümunə götürülüb və bu nümunələrdən seçmə üsulla 7-si laborator müayinəyə göndərilib. Laborator müayinələr nəticəsində "Qayğı" kiçik müəssisəsindən götürülmüş nümunələrdən birinin, "EL-Plastik" MMC-dən götürülmüş nümunələrdən ikisinin tərkibində bromlaşdırıcı maddələrin miqdarının yol verilən həddən artıq olduğu müəyyən edilib. Bununla əlaqədar, həmin müəssisələrdə istehsal edilmiş polietilen torbalardan götürülmüş digər nümunələr də laborator müayinəyə göndərilib.

ASİHMDX istehlakçılara ərzaq malları üçün polietilen torba alarkən, habelə ticarət şəbəkələrində aldıqları ərzaqlar polietilen torbalara yığılarkən, həmin torbaların etiketlərinə diqqət yetirməyi, ərzaq malları üçün yalnız etiketlərində "Ərzaq malları üçün" sözləri qeyd olunmuş polietilen torbalardan istifadə etməyi tövsiyə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə