Qərib Məmmədov aqrar islahatın 1-ci dövründə görülən işlərdən danışdı - KONFRANS - VIDEO
Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərərgahında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, o, torpaq islahatı prosesi işinin növbəti mərhələləri, torpaq kadastrı, kartoqrafiya və torpaqlardan istifadə, onların mühafizəsi və DTXK-nın gördüyü digər işlər barədə danışıb. Q.Məmmədov artıq torpaq aqrar islahatlarının I mərhələsinin başa çatdığını qeyd edib. Onun sözlərinə görə, indiyə qədər 2042 təsərrüfat torpaqları dağıdılıb vətəndaşlara paylanılıb.
Q.Məmmədov bildirib ki, 3 milyon vətəndaşa torpaq mülkiyyəti verilib. "Ümumilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanılan aqrar islahatların əsas prinsipləri 3,5 milyon əhaliyə torpaq mülkiyyətinin verilməsi və bununla da onların işlə təmin olunması idi. İslahatlar çərçivəsində kolxoz və sovxoz torpaqları əhaliyə paylanılıb. Bu işdə məqsəd ölkədə orta təbəqənin tez bir zamanda formalaşdırılması olub. Sosial ədalət prinsiplərini nəzərə alaraq dövlət başqa peşə sahiblərinə də qanun çərçivəsində müxtəlif yollarla torpaq mülkiyyəti verə bilir. Yalnız xarici ölkə vətəndaşlarına torpaq mülkiyyəti verilmir. Onlar ancaq icarə əsasında torpaq mülkiyyəti əldə edə bilərlər. Bələdiyyələrin sayı 2777-dən 1718-ə endirilib. Bunun səbəbi isə bələdiyyə torpaqlarından düzgün istifadə edilməməsi olub. 3,5 milyon əhaliyə həyətyanı sahə verilib"-, deyə o əlavə edib.
Q. Məmmədov yeni əsaslarla torpaq və digər tematik xəritələrin hazırlandığını, 2008-ci ildən sonra rəqəmli xəritə formatına keçirilidiyini önə çəkib. O, həmçinin topoqrafik, məxfi, qrifli xəritələrin, tarixi və torpaq atlaslarının, Təhsil Nazirliyi üçün 22 adda 20 mindən çox xəritənin hazırlandığını bildirib.
Onun sözlərinə görə, Azərbaycanda adambaşına 0,18 ha torpaq sahəsi düşür. Komitə sədri torpaqların qorunmasının vacibliyindən danışaraq vurğulayıb ki, münbit şəraitdə 300 ildə cəmi 1 sm torpaq əmələ gələ bilir: "Ancaq torpağın məhv olunması isə bir neçə saatda ola bilir".
Q. Məmmədov Ekologiya ili çərçivəsində də komitənin bir çox işlər gördüyünü, çirklənən torpaqların müəyyənləşdirib təmizlənməsinin təşkil edildiyini bildirib. O, torpaq bazarında əvvəllər qanunsuzluqların olduğunu, prezident sərəncam imzalayandan sonra bunun çox hissəsinin aradan qaldırlıdığını dilə gətirib. Bu günə qədər 2600-ə yaxın hərrac- müsabiqə keçirildiyini qeyd edən komitə sədri qurumun bir çox dövlət proqramlarında da iştirak etdiyini vurğulayıb.
O, qaçqın və məcburi köçkünlərə torpaq sahələrinin ayrıldığını da əlavə edib.
Qeyd edək ki, tədbir zamanı komitə sədri qurumun bir çox başqa işlər gördüyü barədə də danışıb. Belə ki, DTXK Bakı şəhərində nəqliyyatın intellektual idarə edilməsi, ərazi vahidlərinin xəritələşdirilməsi, torpaqların kadastr sisteminin təkmilləşdirilməsi, regionların inkişafı məqsədi ilə müxtəlif səbəblərdən torpaqların verilməsi, Heydər Əliyev Fondu ilə birlikdə Qobustan virtual muzeyinin yaradılması kimi mühüm işləri həyata keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB