Paytaxtda Şərqi Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları və Texnologiya Parkları Şəbəkəsinin V beynəlxalq konfransı öz işinə başlayıb

Paytaxtda Şərqi Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları və Texnologiya Parkları Şəbəkəsinin V beynəlxalq konfransı öz işinə başlayıb
Bu gün paytaxtda "ECA 2010-da yüksək innovasiya: Gənc sahibkarlar və yeni biznesin təşkili üçün investisiya hazırlığı və biznes inkubasiya infrastrukturunun möhkəmləndirilməsi" mövzusunda Şərqi Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları və Texnologiya Parkları Şəbəkəsinin (ECAbit) V beynəlxalq konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, 2 gün davam edəcək beynəlxalq konfrans Gənclər və İdman Nazirliyi, Xəzər İnvestisiya Mərkəzi və ECAbit-in birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkədə belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirib. Nazir müavini bildirib ki, 15 ölkədən nümayəndənin iştirak etdiyi tədbiri təşkil etməkdə məqsəd gənclərin məşğulluğunun gücləndirilməsinə dəstək verməkdir. Onun sözlərinə görə, müasir dövrdə dünyada mövcud olan biznes nailiyyətlərini öyrənmək, həyata keçirmək və bu sahədə gənclərin iştirakını artırmaq çox vacib məsələlərdən biridir: "Sahibkarlıqla məşğul olmaq istəyən gənclərə dəstək verilməlidir. İnanıram ki, bu konfrans gənclərin bu sahəyə marağının daha da artıracaq və ölkələr Azərbaycanda özlərinə layiqli əməkdaşlar, tərəfdaşlar tapacaqlar".

Dünya Bankının İnfoDev Proqramının koordinatoru Ştefan Şandera çıxışında öz fəaliyyətləri haqqında ətraflı məlumat verib. O bildirib ki, onların məqsədi informasiya-texnologiyaları sahəsində möhkəmliyi qoruyub saxlamaqdır. Onun sözlərinə görə, Azərbaycanda mobil ictimai şəbəkənin qurulması ilə maraqlanırlar. Ş.Şandera vurğulayıb ki, bu tədbir biznes inqubatorlarının əməkdaşlığına təkan verəcək və layiqli tərəfdaşlarlar müəyyənləşəcək.

Azərbaycan Sahibkarlar Konfederasiyanın sədri Məmməd Musayev vurğulayıb ki, gənc sahibkarların inkişafı onların təşkilatının əsas prioritet istiqamətlərindəndir. Cari il ərzində ölkə iqtisadiyyatının mövcud vəziyyəti barədə məlumat verən sədr qeyd edib ki, 2010-cu ilin 10 ayı ərzində ümumdaxili məhsulun artımı 45%-i keçib və bunun da 85%-i özəl sahibkarlığın payına düşür: "Bu il valyuta ehtiyyatları 28 milyardı ötüb. Sahibkarlar Konfederasının tərkibində isə Gənc Sahibkarlar Komitəsi yaradılıb. Burada da məqsəd Azərbaycan iqtisadiyyatının inkişafında güclərin rolunu artırmaqdan ibarətdir. İqtisadiyyatda yeni innovasiya təşkil etmədən onun inkişafına nail olmaq mümkün deyil".

Xəzər İnvestisiya Mərkəinin sədri Elşən Musayev isə tədbirdə 15 ölkədən 20-ə yaxın qonağın iştirak etdiyini söyləyib. Onun sözlərinə görə, burada əsas məqsəd gənclərin biznesə cəlb olunması, gələcəkdə ixtisaslı kadrlara çevrilməsi və sahibkarlığın inkişaf etdirilməsidir: "Tədbir çərçivəsində 2 treninqin keçirilməsi nəzərdə tutulub. Bu treninqləri Dünya Bankının ekspertləri keçəcəklər. Gələcəkdə Beynəlxalq İnnovasiya Mərkəzinin yaradılması da nəzərdə tutulur ki, bunun da əsas mərkəzi Azərbaycanm olacaq".

Konfransda çıxış edən ECAbit şəbəkəsinin koordinatoru Tador Yolamov Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə təşkil olunan tədbiri yüksək qiymətləndirib. Daha sonra o, təmsil olunduğu qurum haqqında ətraflı məlumat verib.

Tədbirin davamında qonaqlar müxtəlif mövzuda məruzlərlə çıxış edib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə