İlham Əliyev: "Azərbaycanın iqtisadi modelinin unikallığı bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir"
Azərbaycanda son 15 ildə aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəlməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da sürətli inkişafına, yoxsulluğun azalmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini və maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşılmasını təmin edib. Sevindirici hal ondan ibarətdir ki, cari ilin birinci yarısında da ölkə iqtisadiyyatında müsbət nəticələr əldə olunub və dinamik inkişaf templəri qorunub-saxlanılıb. Belə ki, bu dövrdə ÜDM 1,3 faiz, qeyri-neft sektoru 2 faiz, qeyri-neft sənayesi 8,8 faiz, kənd təsərrüfatı 7,6 faiz, bitkiçilik 14 faizdən çox, yükdaşımalar 1 faiz, informasiya və rabitə xidmətləri 4,9 faiz, pərakəndə ticarət dövriyyəsi 2,5 faiz artıb. Eyni zamanda, valyuta ehtiyatları artaraq 44,3 milyard ABŞ dollarına çatıb, ölkə iqtisadiyyatına 6 milyard manatdan çox sərmayə qoyulub, Bu ilin ilk 6 ayında əhalinin gəlirləri 9,3 faiz artıb, inflyasiya 3 faiz təşkil edib, əhalinin gəlirlərinin artım tempi inflyasiyanı dəfələrlə üstələyib. Hesabat dövründə xarici ticarət dövriyyəsi 35 faiz, ixrac 34 faiz, o cümlədən, qeyri-neft ixracı 20 faiz artıb. Xarici ticarətdə müsbət saldo 4,2 milyard dollara çatıb.
Bütün bunlar isə, son illər ərzində reallaşdırılan düşünülmüş iqtisadi siyasətin, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kompleks işlərin və investisiya mühitinin əlverişliliyinin nəticəsində mümkün olub: "Uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyat dayanıqlı surətdə inkişaf etsin, bir sektordan - neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir..." Ölkə Prezidenti neft və qazdan asılılığın azaldılması, qeyri-neft sektorunun sürətli inkişafı, sərmayə qoyuluşlarının artırılması, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş infrastruktur layihələrinin tam icrası, xüsusilə, sosial infrastrukturla bağlı məsələlərin həlli, qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması, məktəblərin tikintisi və təmiri, yeni Olimpiya idman komplekslərinin istifadəyə verilməsi, yeni yolların salınması, enerji sisteminin ən müasir əsaslarla idarə edilməsi istiqamətində mühüm vəzifələr müəyyənləşdirib.
Vüqar Bayramov: "Ölkəmizdə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi prioritetdir"
İqtisadçı Vüqar Bayramov sözügedən məsələ ilə bağlı bildirib ki, Azərbaycan neft ölkəsi olsa da, qeyri-neft sektorunun inkişaf etdirilməsi, eləcə də, neftdən asılılığın aradan qaldırılması hər zaman öndə duran məsələlərdəndir: "Bu gün qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün iqtisadi göstəricilərdə artım var. Eyni zamanda, qeyri-neft sənayesində 3,1 faiz artım qeydə alınıb. Bu, çox vacib idi. Çünki ötən il ölkə başçısı tərəfindən iqtisadi stabillik ili kimi elan edilmişdi. Bu ildə iqtisadi stabilliyin əldə edilməsi və 2014-cü ildən dünya bazarında neftin qiymətinin aşağı düşdüyü üçün dövlət gəlirlərimizin azalması səbəbindən yaranan çətinlikləri artıq stabilliklə əvəz olundu. Bu isə nəticə etibarilə 2018-ci ildə iqtisadi artımın, daha sonra sürətli iqtisadi artımın formalaşması baxımından vacib idi. İqtisadiyyatın şaxələndirilməsi prioritet olmaqla yanaşı, eyni zamanda, ölkə iqtisadiyyatının daha dayanıqlı inkişafı baxımından vacibdir. Çünki biz neftdən asılılığı aradan qaldırdıqca daha dayanıqlı iqtisadi inkişafa və artıma nail ola bilirik. Xatırlayırsınızsa, bir müddət öncə, "Yeni əsrin müqaviləsi" imzalandı. Cənab Prezident xüsusilə, qeyd etdi ki, müqavilənin imzalanmasına baxmayaraq, Azərbaycanda qeyri-neft sektorunda bu günə qədər islahatlar aparılıb və bu, gələcəkdə də davam etdiriləcək. Bundan başqa, dövlətimizin başçısının sənaye parkları və məhəllələrinin, aqroparkların, iri fermer təsərrüfatlarının təşkili işlərinin davam etdirilməsi, müasir aqrotexniki texnologiyaların və elektron kənd təsərrüfatı sisteminin tətbiqi, yeni iş yerlərinin yaradılması, özünüməşğulluq proqramının icrası, sahibkarlara güzəştli kreditlərin verilməsinin və investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilməsi, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunması və s. tapşırıqları ilə bağlı da müsbət nəticələr əldə edilib".
V.Bayramlı onu da bildirir ki, Azərbaycan artıq iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes və investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə, milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olub və Azərbaycan dövlətinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir. Ölkə Prezidenti Cənab İlham Əliyev bildirib: "Azərbaycanın çox möhtəşəm inkişafı hələ qabaqdadır. Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcək, beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcək və bütün beynəlxalq təşəbbüslər xalqın maraqlarını müdafiə edəcəkdir".
Qeyri-neft sənayesində 3,1 faiz artım qeydə alınıb
V.Bayramlı qeyri-neft sənayesində 3,1 faiz artım qeydə alındığını bildirib: "Əslində, bu, kifayət qədər vacib bir məqamdır. Çünki Azərbaycan üçün aqrar sektor vacibdir. Bu sahədə 2,8 faiz artım müşahidə olunub. Eyni zamanda, sənayeləşmə ölkə üçün prioritetdir".
İqtsadçı onu da vurğulayıb ki, ölkə Prezidenti sahibkarlığın inkişafının dövlətimizin qarşısında dayanan əsas məqsəd olduğunu bildirib. Sahibkarlığın inkişafı baxımından hal-hazırda Prezidentin qarşıya qoyduğu məsələ idxal-ixrac prosesinin şəffaflaşdırılması, ölkəyə xarici investisiyanın, xüsusilə, qeyri-neft sektoruna xarici kapitalın qoyulmasıdır: "Dünya praktikasını nəzərə alaraq, qeyd etmək istəyirik ki, yalnız məhsulların qeydiyyatında elektronlaşma olarsa və bu sistem ölkədə şəffalıq, keyfiyyətli xidmət reputasiyasını özündə birləşdirən ASAN xidmətə verilərsə, qarşıdakı müddətdə müəyyən nəticələr almaq olar. Eyni zamanda, regionlarda fəaliyyət göstərən sahibkarlar lisenziyanı 50% güzəştlə alacaqlar. Bütün bunları özündə formalaşdıracaq amillər sahibkarların xərclərində azalmalara səbəb olacaq. Bu isə regionlarda lisenziya və xüsusi icazə tələb edən sahibkarlıq fəaliyyətinin dəstəklənməsi baxımından olduqca vacib addımdır. Yuxarıda sadalananlara müvafiq olaraq, idxal-ixrac inhisarçılığının ləğvi və elektronlaşması sahibkarın xərclərini azaldacaq və bazara daha ucuz məhsulların çıxarılmasına şərait yaradacaqdır. Beləliklə, ölkəmizin qeyri-neft sektorunun inkişaf etdirilməsi hesabına enerji gəlirlərindən asılılığın aradan qaldırılmasına ünvanlanan islahatlara təkan verildi. Bu prioritetlərin reallaşması, birmənalı tərzdə ölkəmizdə diversifikasiya edilmiş iqtisadi inkişafa nail olmağa imkan yaratmaqla məşğulluq sferasında, istehlak və valyuta bazarında stabilliyin formalaşmasına səbəb olacaq".
Beləliklə, yuxarıda sadalanan sosial-iqtisadi uğurlar liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olub və Azərbaycan dövlətinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir. Ölkə Prezidenti İlham Əliyev deyib: "Azərbaycanın çox möhtəşəm inkişafı hələ qabaqdadır. Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcək, beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcək və bütün beynəlxalq təşəbbüslər xalqın maraqlarını müdafiə edəcəkdir".
RƏFİQƏ KAMALQIZ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB