Taxıl sahələrinin yandırılması hallarına qarşı maarifləndirici tədbirlər görülməlidir RƏY
Ölkə ərazisində taxıl biçinindən sonra zəmilərin yandırılması sanki dəb halını alıb. Məsələ bundadır ki, bəzi fermerlər zəmilərin yandırılmasının gələn il əkiləcək buğdanın daha məhsuldar olacağı haqda yalnış təsəvvürə malikdirlər. Taxıl sahələrinin yandırılması hallarına qarşı maarifləndirici tədbirlər görülsə də, son vaxtlar baş verən hadisələr təbliğatın yetərincə olmadığını sübut edir. Bəs nə etməli?
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov taxıl sahələrinin biçindən sonra yandırılmasının fəsadlarından danışıb: "Torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir. Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır.
Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət lazımdır".
Ekspert qeyd edib ki, bir hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kiloqram azot, 70-80 kiloqram fosfor, 90-100 kiloqrama qədər kalium elementi və 1-1,5 ton humus itirilir ki, bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməsi tələb olunur: "Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığının 20-30 faiz azalmasına səbəb olur. Arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə saman doğranaraq mulça şəklində sahəyə səpilməli və ya biçindən dərhal sonra saman yandırılmadan sahədən daşınaraq çıxarılmalıdır. Becəriləcək hər bitkiyə uyğun fosfor və ya kompleks gübrələr verilərək şum və ya 10-12 santimetr diskləmə, eləcə də sıfır torpaq becərməsi aparılmalı, torpaq səpin üçün hazırlanmalı və aralıq bitkilərin toxumlarının səpinləri həyata keçirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB