Elman Rüstəmov: "Yaxın vaxtlarda bütün pullar iqtisadi dövriyyəyə cəlb ediləcək"-AÇIQLAMA

Elman Rüstəmov: "Yaxın vaxtlarda bütün pullar iqtisadi dövriyyəyə cəlb ediləcək"-AÇIQLAMA
""Maliyyə xidmətlərinin inkişafı" üzrə pilot layihə maliyyə sektorunun sürətli inkişafına ciddi köməklik göstərəcək". Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. SİA-nın məlumatına görə, layihənin təqdimatı haqda danışan E.Rüstəmov 5 il ərzində çəkilən əziyyətləri yüksək qiymətləndirib: "Bu layihə artıq 5 ildir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən birgə həyata keçirilir. Bu gün layihənin icrası başa çatdırılıb. 5 il ərzində ölkəmizlə yanaşı Ümumdünya Poçt İttifaqı və Dünya Bankı layihənin gerçəkləşdirilməsi üçün ciddi əmək sərf ediblər".

Sədr layihənin perspektivləri haqda danışaraq bildirib ki, zamanla bütün pullar iqtisadi dövriyyəyə cəlb ediləcək: "Layihənin o qədər geniş perspektivləri var ki, hətta biz bu işə başlayanda bu dərəcədə imkanlar yaranacağını düşünmürdük. Bu gedişlə artıq zamanla depozitlərin qəbulu yaradılacaq və iqtisadi sahədə sürətli inkişaf nəzərə çarpacaq".

Elman Rüstəmov onu da qeyd edib ki, layihənin yaratdığı imkanlar kəndlərdə də özünü kəskin şəkildə göstərəcək: "Yaxın gələcəkdə layihə çərçivəsində kəndlərdə sürətli internet və elektron alış-veriş tətbiq ediləcək. Bir sözlə onu deyə bilərəm ki, bu layihə Azərbaycanda iqtisadiyyat sahəsində inqilabi inkişafa səbəb olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə