Azərikimya İstehsalat Birliyində mütəxəssislərin işə qəbulu üçün müsabiqə keçirilib

Azərikimya İstehsalat Birliyində mütəxəssislərin işə qəbulu üçün müsabiqə keçirilib
Azərbaycan Dövlət Neft Şirkətininin Azərikimya İstehsalat Birliyində ehtiyac duyulan ixtisaslar üzrə işə qəbul üçün ilk dəfə müsabiqələrin keçirilməsinə başlanılıb. ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd birliyin bütün müəssisələrinin təcrübəli və peşəkar mütəxəssislərlə təmin olunmasına, istehsalata cəlb olunacaq yüksək bilik və bacarığa malik gənclərin sayəsində kimya sənayesinin sürətlə inkişafına, yüksək keyfiyyətli məhsul istehsalına nail olmaq, eyni zamanda Sumqayıtda işsizliyin aradan qaldırılmasına töhfə verməkdir.

Bu günlərdə mexanika peşələri üzrə birliyin müəssisələrində çalışmaq istəyənlər üçün ilk belə müsabiqə keçirilib. Namizədlərə 20 dəqiqə ərzində 20 yoxlama tapşırığını yerinə yetirmək imkanı yaradılıb. Tapşırıqlar kimya sənayesinin maşın və avadanlıqları, texniki təhlükəsizlik və təşkilatçılıq məsələləri üzrə bilik və bacarıqları əhatə edib. Müsabiqədə mühəndis-mexanik kimi iş təcrübəsi olanlarla yanaşı gənc mütəxəssislər, habelə ixtisaslı fəhlə kimi çalışmaq istəyən müxtəlif peşə sahibləri – çilingərlər, elektrik və qaz qaynaqçıları, tokarlar öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Test üsulu ilə keçirilən yoxlamalar Azərikimya İB-nin təcrübəli mütəxəssisləri, hüquqşünas və kadr işçilərindən təşkil olunmuş komissiyalar tərərəfindən aparılıb.

Nəticələr məlum olduqdan sonra qalib iştirakçıların istehsalat sahələrində praktiki vərdişlərinə baxış keçiriləcək, daha yaxşı nəticə nümayiş etdirən mütəxəssislər işlə təmin olunacaqlar.

Qeyd edək ki, yaxın dövr ərzində Birlikdə digər ixtisaslar – mühəndis-texnoloq, energetik, iqtisadçı və fəhlə peşələri üzrə müvafiq yoxlamaların keçirilməsi də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə