Maliyyə Monitorinqi Xidməti Biləsuvar və Xaçmaz rayonlarında seminarlar keçirir

Maliyyə Monitorinqi Xidməti Biləsuvar və Xaçmaz rayonlarında seminarlar keçirir

Maliyyə Monitorinqi Xidmətinin regionlarda fəaliyyət göstərən maliyyə institutlarını "Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə" mövzusunda maarifləndirilməsi tədbirləri davam etdirilir. Xidmətdən SİA-ya verilən məlumata görə, bu maarifləndirmə tədbirləri çərçivəsində növbəti təlim-seminarlar 2010-cu ilin 29-30 noyabr tarixlərində Biləsuvar və Xaçmaz rayonlarında keçirilir.

Keçirilən seminarlarda həmin regionlarda fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatlarının, sığorta təşkilatlarının filial və nümayəndəliklərinin, lombardların və maliyyə xidməti göstərmək üçün lisenziyası olan poçt müəssisələrinin nümayəndələri iştirak edirlər.

Təlim-seminarlar Maliyyə Monitorinqi Xidmətinin mütəxəssisləri tərəfindən aparılır. Eyni zamanda, USAID-in dəstəyi ilə cəlb edilmiş beynəlxalq ekspert tərəfindən də bu təlim-seminarlarda müvafiq təqdimatlar ediləcək. Keçirilən seminarlarda pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı milli qanunvericilik, beynəlxalq standartlar, bu sahədə əməkdaşlıq etməyən ölkələrin siyahısı, BMT tərəfindən siyahısı müəyyən edilmiş terrorçu şəxslər və təşkilatlarla bağlı maliyyə əməliyyatlarının dondurulması, maliyyə institutları tərəfindən müvafiq qanunvericiliyin tətbiqi ilə bağlı praktiki məsələlər və digər mövzular əhatə olunur.

Xatırladaq ki, pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda regional seminarlar bundan öncə Gəncə və Şəki şəhərlərində keçirilib. Maliyyə Monitorinqi Xidməti tərəfindən maliyyə institutlarının maarifləndirilməsi tədbirləri digər regionlarda da davam etdiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə