Bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyası hazırlanacaq
Bakıda bərk məişət tullantılarının idarəçiliyi üzrə inkişaf strategiyasının hazırlanması ilə bağlı təqdimat seminarı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə aidiyyatı dövlət qurumları, "Təmiz Şəhər" ASC, yerli icra hakimiyyəti orqanları və bələdiyyə nümayəndələri, eləcə də beynəlxalq təşkilatlar və bu layihədə iştirak edən şirkətlər, QHT nümayəndələri və mütəxəssislər iştirak ediblər. Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Sahib Babayev Bərk Məişət Tullantılannın Vahid İdarəçiliyi Layihəsi çərçivəsində strateji və sektorun yenidənqurulması üzrə məsləhət xidmətlərinin həyata keçirilməsi üçün Türkiyənin "Ekodenge" şirkəti ilə müqavilə imzalandığını bildirib. O, qeyd edib ki, bu xidmətlərə əsasən, "Ekodenge" şirkətinin beynəlxalq mütəxəssisləri tərəfindən 2 il müddətində Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyası hazırlanacaq: "Bundan başqa, "Ekodenge" şirkəti tərəfındən demoqrafık göstəricilərə əsasən, tullantı miqdarının proqnozlaşdırılması, mövcud tullantı idarəçiliyi sistemi, tullantıların tərkibinin tədqiqi, institusional və maliyyə analizləri, tariflərin öyrənilməsi və hüquqi aspektlər üzrə analitik təhlillərin hazırlanması planlaşdırılır".
Tədbirdə "Ekodenge" şirkətinin mütəxəssisləri tərəfindən bərk məişət tullantılarının idarəçiliyi üzrə inkişaf strategiyasının hazırlanması metodologiyası təqdim olunub. Eyni zamanda institusional struktur, tullantıların toplanması və utilizasiyası, tullantıların emalı və yerləşdirilməsi, maliyyə dayanıqlığı və ictimai maarifləndirmə mövzularında işçi qruplarında müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan Hökuməti və Dünya Bankı arasında "Abşeronun Ekoloji Bərpası Proqramı" çərçivəsində Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsi üzrə 20 may 2009-cu il tarixdə Kredit Sazişi imzalanıb. Layihənin icraçısı İqtisadi İnkişaf Nazirliyinin nəzdində yaradılan Layihə İdarəetmə Qrupudur. Layihə Bakı şəhəri ərazisində bərk məişət tullantılarının idarə edilməsi sisteminin müasirləşdirilməsinə xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB