Paytaxtda pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı seminar keçirilir
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti 2010-cu ilin 22-25 noyabr tarixlərində ATƏT-in Bakı ofisi ilə birgə "Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə: bank sektorunun öhdəlikləri" mövzusunda treninq-seminar keçirir.
SİA-nın xəbərinə görə, seminarda Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə məsul şəxsləri iştirak edirlər. Seminarın aparılması üçün ATƏT-in dəstəyi ilə bu sahənin beynəlxalq eksperti qismində ixtisaslaşmış Belçika təşkilatının nümayəndəsi cəlb edilib.
Seminarın əsas məqsədi bankların mütəxəssislərinin (pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə məsul şəxslərinin) praktiki bilik və bacarıqlarının artırılmasına dəstək verməkdir. Bu məqsədlə 4 günlük seminar müddətində beynəlxalq ekspert tərəfindən bankların çirkli pulların yuyulmasına qarşı daxili siyasətləri, bank sektorunda pulların yuyulmasına qarşı nəzarət sistemi və prosedurlar, müştərini tanımaq, risk əsaslı yanaşma, informasiyanın idarə olunması və İT dəstəyi, çirkli pulların yuyulmasının yollarına dair nümunələr, çirkli pulların yuyulmasının bank tipologiyaları və digər bu kimi praktiki məsələlər üzrə təqdimatlar ediləcəkdir.
Beynəlxalq ekspertlə bərabər, Maliyyə Monitorinqi Xidmətinin mütəxəssisləri tərəfindən də bu seminarda banklar tərəfindən məlumatların təqdim edilməsinin elektron sistemi, məsul şəxslərə dair peşəkar tələblər və digər mövzularda bankların mütəxəssisləri ilə müzakirələr aparılacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB