Azərbaycan qazı Cənub Qaz Dəhlizi ilə böyük bazara çıxır ŞƏRH
"Cənub Qaz Dəhlizi layihəsi dünyanın ən böyük qaz ixracı layihələrindən biridir. Bu baxımdan Xəzərin qaz ehtiyatlarının Avropaya çatdırılması həm region, həm də Azərbaycan üçün iqtisadi və geosiyasi əhəmiyyət daşısa da, Avropa İttifaqının özü üçün enerji təhlükəsizliyinin təmin edilməsində və rəqabətli qiymət əldə etməkdə həyati əhəmiyyət kəsb edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili deyib.
“Şahdəniz” yatağından hasil olunan qaz və həmçinin onun həcmi, o cümlədən bu yatağın özünün dünyada ən böyük qaz ehtiyatlarına sahib olan yataq olduğunu dilə gətirən deputat söyləyib ki, Avropanın cənub və cənub-şərq hissəsindəki ölkələrə Azərbaycan qazını çatdırmağı nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsi bu ölkələrin qazla təmin olunmasında mühüm bir əhəmiyyət kəsb edəcək.
Komitə üzvü bildirib ki, layihənin Azərbaycan və Gürcüstan ərazisindən keçən Cənubi Qafqaz boru kəməri layihəsi tam icra olunmuş vəziyyətdədir: “Türkiyə ərazisindən keçən TANAP layihəsinin də önümüzdəki ay işə düşəcəyi ilə bağlı məlumatlar verilib. O cümlədən qısa müddətdən sonra TAP layihəsinin işə düşməsi ilə mavi yanacağın 2020-ci ildə artıq Avropa bazarlarına çatıdırılması nəzərdə tutulur. Layihə elə planlaşdırılıb ki, boru kəmərləri sonradan öz ixrac həcmini iki dəfəyə yaxın artıra biləcək”.
T. Mirkişili qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə ilə ilkin olaraq 16 milyard kubmetrdən çox qazın ixrac olunması nəzərdə tutulur: “Daha sonra isə boru kəmərləri ilə ixrac olunan qazın həcminin illik 30 mlrd mubmetrə çatdırılması planlaşdırılır. Avropa İttifaqının cənub və cənub-şərq ölkələrinin illik tələbatı hazırda 30 milyard kubmetrə yaxındır. Qeyd edilən ölkələr üzrə 2025-ci ildə tələbatın 44 milyard, 2030-cu ildə isə 50 milyard kubmetr olacağı proqnozlaşdırılır ki, bu da əslində Azərbaycan qazı üçün iqtisadi cəhətdən böyük bazarın açılması deməkdir”.
Deputat söyləyib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsinin uğurlu tamamlanması Azərbaycanın nüfuzunun, iqtisadi imkanlarının, həm dövlət başçısının siyasi nüfuzunun, həm də Azərbaycan-Avropa İttifaqı, Azərbaycan-Gürcüstan-Türkiyə arasında yüksək əməkdaşlığın bariz nümunəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB