Prezident: “Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir”
“Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubdur və qoyulur”. SİA-nın verdiyi məlumata görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir: “Əminəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat və istismar işləri əminəm ki, bunu təsdiqləyəcək.
Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Mən, ilk növbədə, regional əməkdaşlıq haqqında danışmaq istərdim. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur. Mən bu gün fürsətdən istifadə edərək həm Türkiyə, həm Gürcüstan rəhbərliyinə əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu gün Amerika Birləşmiş Ştatlarının hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Çünki Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə kömək göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək. Əlbəttə, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir. Amerika hökumətinin bu işdə çox böyük səyləri olub. Biz bu dəstəyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və “Cənub Qaz Dəhlizi” layihələrinin reallaşmasında həmişə hiss etmişik və hiss edirik. Bu dəstək bu layihələrin icra edilməsində çox böyük rol oynayıb.
Böyük Britaniya hökuməti də həmişə bizim yanımızda olub. Bildiyiniz kimi, BP şirkəti energetika sahəsində bizim əsas investorumuzdur. Böyük Britaniya hökuməti bu layihələrin reallaşmasında həmişə bizə dəstək göstərmişdir, biz bu dəstəyi bu gün də hiss edirik. Keçən ay Londonda Baş nazir xanım Mey ilə mənim iştirakımla BP ilə SOCAR arasında növbəti kontrakt imzalanmışdır. Bu, bizim strateji əlaqələrimizi bir daha əks etdirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB