Bu ilin birinci yarısı başa çatmamış, yəni nəzərdə tutulduğu vaxtdan da tez Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi istifadəyə verilib və ötən ilin oktyabrında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttiinin gerçəkləşməsindən sonra bunu ikinci mühüm hadisə hesab edənlər tamamilə haqlıdır. BTQ dəmir yolu xəttinin açılmasından sonra bu Limanın da istifadəyə verilməsi qlobal layihələrin bitmədiyini təsdiq edir və bu da öz növbəsində ölkəmizi regional ticarət və tranzit qovşağına çevirəcək zəncirin ən mühüm həlqəsinin işə düşməsi deməkdir.
Bir çox ölkələr BTQ dəmir yolu xəttinin rentabelliyinə inanmadıqları üçün bu dəmir yolu xəttinin tikintisi 10 ilə yaxın vaxt apardı. Yəni, onun tikintisinin ağırlığı iştirakçı ölkələrin, əsasən də Azərbaycanın üzərinə düşdüyü üçün müəyyən qədər uzandı deməkdə haqlıyıq. Bir sözlə, 504 kilometri ölkəmizin ərazisindən keçən, ümumi uzunluğu isə 850 kilometrə bərabər olan, tarixi İpək Yolunun bərpası hesab olunan BTQ-nın reallaşmasında bilavasitə iştirak edən 3 ölkə, yəni Azərbaycan, Türkiyə və Gürcüstandan başqa heç bir ölkə sərmayə yatırmadı. Doğrudur, tikinti başa çatdıqdan sonra BTQ dəmir yolu xəttinin rentabelliyinə şübhə edənlər marşrutun mühüm əhəmiyyətini dərk etdilər. Çünki, BTQ dəmir yolu xəttindən Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropaölkələrinin istifadə edəcəyi heç kim üçün sirr deyildi.
Yalnız Azərbaycan, Türkiyə və Gürcüstandan başqa heç bir ölkə BTQ-nın reallaşdırılmasını mümkün hesab etmədiyi üçün, layihəyə kənar dövlətlər maraq göstərmədiyi səbəbdən 10 il uzanmazdı. Başda ABŞ olmaqla, əhəmiyyətini çox yaxşı başa düşən ölkələr indi həmin layihəni alqışlasalar da onun istifadəyə verilməsinin tez başa gəlməsində heç bir rol oynamadılar. Amma BTQ dəmir yolunun tikintisi başa çatdıqdan sonra Avropa ilə Asiya ölkələri arasında yüklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi necə gərək olduğuna şahid oldular.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bütün daşımaların ortaq nöqtəsi və mərkəzi sayılır
Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikilməsi Azərbaycanın belə iri layihələrinin ardıcıl olacağına şübhəsi olanların şübhələrini dağıtdı. Bu liman Xəzər dənizinin demək olar, hər mənada ən böyük limanıdır. Xəzər dənizində ən böyük liman olmaqla yanaşı Ələtdə yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “zəncirin mərkəzi həlqəsini” təşkil edir. Yəni, adı çəkilən liman istər-istəməz bütün daşımaların ortaq nöqtəsi və mərkəzi sayılır.
Xatırladaq ki, Liman Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən başlanıb və 2010-cu ilin noyabrında təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri – iki körpüdən ibarət bərə terminalı və bu ilin yanvarında isə iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır.
Yeri gəlmişkən, qeyd etdiyimiz kimi, tikinti nəzərdə tutulduğu vaxtda, hətta bir az tez başa çatdı. Çünki, dövlət başçısı Cənab İlham Əliyev tərindən “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürətləndirilməsi sahəsində əlavə tədbirlər barədə” 2017-ci il 13 aprel tarixdə Sərəncam da imzalanıb. Buna əsasən, Kompleksin tikintisi üzrə layihənin davam etdirilməsi və yekunlaşdırılması üçün görüləcək işlərin sifarişçisi İqtisadiyyat Nazirliyi təyin edilib və bu istiqamətdə dövlət başçısının qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün işlərin başlanma və tamamlama tarixləri göstərilməklə Tədbirlər Planı hazırlanıb. Bu Planla müəyyən edilən hədəflərə nail olmaq üçün seqmentlər üzrə inşaat işlərində ikinövbəli iş rejiminə keçilib. Nəticədə tikinti prosesinə 1500-ə yaxın işçi qüvvəsi və 300-dək müxtəlif təyinatlı texnika cəlb edilməklə işlərin dinamikasının əvvəlki dövrlə müqayisədə 5 dəfə artmasına nail olunub və göründüyü kimi limanın istifadəyə verilməsi məhz bu səbəbdən vaxtından əvvəl reallaşdırılıb.
Kompleksin Ələt qəsəbəsində tikilməsi də təsadüfi deyil və işlərin əvvəlcədən məqsədyönlü şəkildə planlaşdırıldığından xəbər verir. Bu ərazi Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, ərazinin mühüm nəqliyyat qovşağına və yeni geniş logistik məkana çevrilməsinə imkan yaradır.
Sözsüz ki, 15 milyon ton yükü aşıra biləcək liman Xəzər dənizinin ən böyük ticarət limanı hesab olunur və artıq öz fəaliyyətinə başlayıb. Hal-hazırda burada yüz min konteynerin daşınması nəzərdə tutulur. Bu çox böyük bir göstəricidir, lakin bu, hələ son da deyil. Böyük tələbat yaranacağı təqdirdə, Ələt limanının genişləndirilməsi də nəzərdə tutulub. Əlbəttə, bunun üçün bütün imkanlar və texniki təchizat da var. Bu baxəmdan, söhbət, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin əslində, hələ birinci fazasının başa çatdığından gedir. İkinci mərhələnin reallaşdırılacağı nəticəsində isə limanın imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə çatacaq. Heç şübhəsiz ki, Azərbaycan bu işlərə boş yerə önəm vermir və göründüyü kimi nəqliyyat sektoruna neçə illərdir səbəbsiz yerə külli məbləğdə sərmayə qoyulmur.
Azərbaycan bu günədək təşəbbüskarı olduğu bütün irimiqyaslı, ən möhtəşəm və qlobal layihələrə uğurla imza atıb
Son 15 ildə ölkədə 15 min kilometrə yaxın avtomobil yolu tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib. Bu gün ölkəmizin çox böyük yük təyyarəsi parkı var, 20-yə yaxın iri yük təyyarəsi mövcuddur. Azərbaycanın Xəzər dənizində 270 gəmidən ibarət böyük dəniz donanması var və hansı ki, yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Bir neçə il bundan qabaq isə böyük gəmiqayırma zavodu tikilib və bu zavodda bütün növ gəmilər istehsal edilir. Yeri gəlmişkən, Xəzərdə yükdaşımalar artarsa, zavod daha böyük güclə işləyəcək və bu layihələrin bir-birinin ardınca reallaşdırılması özü də təsdiq edir ki, bütün işlər planlı və məqsədyönlü şəkildə həyata keçirilib. Layihələrin ardıcıllığı və bir-birini tamamlaması eyni zamanda ölkə başçısının uğulu iqtisadi siyasət yürütdüyünü isbatlayır.
Göründüyü kimi, Azərbaycan bu günədək təşəbbüskarı olduğu heç bir irimiqyaslı layihənin icrasında nə maddi, nə də digər iqtisadi və siyasi baxımdan zəiflik, güçsüzlük və uğursuzluq nümayiş etdirməyib. Əksinə, ən möhtəşəm və qlobal layihələrə uğurla imza atıb. Məsələn, BTQ layihəsinə 10 ildə 650 milyon ABŞ dollarına yaxın vəsait xərclənib. Bu heç də az məbləğ deyil, lakin layihənin perspektivləri daha böyük nəticələr, uğurlar vəd edir. Beləki, sözügedən yol vasitəsilə ilkin mərhələdə 5 milyon ton, sonrakı mərhələdə isə 17 milyon ton və daha sonra isə bir az da böyük həcmdə yüklərin daşınacağı nəzərdə tutulur.
Bu gün uzaq Çindən Avropaya və onun ən ucqar nöqtəsi olan Londona dəmir yolu var və həm qısa məsafə, həm də mümkün aşağı tariflərin tədbiq olunacağı baxımdan Azərbaycanın tranzit imkanları daha böyük rəqabətqabiliyyətlilik vəd edir. Bundan əlavə, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaranması istiqamətində də uğurlu addımlar atır. Ölkəmizin ərazisində Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı bütün işlər artıq tamamlanmış və bu sahədə bütün infrastruktur faktiki hazır vəziyyətdədir.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi də alternativ dəhlizlərlə müqayisədə vaxt və tranzit xərcləri baxımdan rəqabətqabiliyyətli sayılır. Dəhliz vasitəsilə Hindistandan Rusiya və Avropaya, habelə əks istiqamətdə daşımalar həyata keçiriləcək və bu da hər il milyonlarla ton yükün Azərbaycan üzərindən tranziti deməkdir. İlkin mərhələdə dəhliz vasitəsilə 5 milyon ton, növbəti mərhələdə isə 10 milyon tondan artıq yük daşınacağı gözlənilir. Region ölkələri bunun üstünlüyünü, perspektivləri əyani şəkildə gördükcə isə, qeyd olunan rəqəmin daha da artacağı şübhə doğurmur.
Limanın istismara verilməsi gələcək perspektivlərə, uğurlu nəticələrə zəmin yaradır
Bütün bu sadalanan iri miqyaslı layihələrin davamı olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi çox əlamətdar bir hadisədir. Sözügedən limanın istismara verilməsi ölkəmizin qüdrətini daha da artırır, gələcək perspektivlərə, uğurlu nəticələrə zəmin yaradır. Bu həm də o deməkdir ki, Azərbaycan təkcə quruda deyil, eyni zamanda su hövzəsində də uğurlu layihələrə imza atmaq əzmindədir və bu da öz növbəsində ölkəmizin artıq qüdrətli bir dövlətə çevrildiyini təsdiq edir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi ölkəmizin sabitliyinə, stabilliyinə də sözsüz ki, öz tövhəsini verəcək. Bu limandan təkcə Azərbaycanın deyil, ətraf ölkələrin də istifadə edəcəyini nəzərə alsaq görərik ki, bu layihə təkcə iqtisadi cəhətdən deyil, həm də siyasi baxımdan çox önəmlidir. Ən azından Xəzər ətrafı ölkələrin bu limandan istifadə etməsi işgüzar münasibətlərlə yanaşı mehriban qonşuluq siyasətinə də tövhələr verəcəyi inkar edilə bilməz. Sözsüz ki, bu, hər bir ölkənin yük daşımalarını maneəsiz, qayğısız və problemsiz həyata keçirməkdə, daha doğrusu Azərbaycanda stabilliyin, sabitliyin mövcud olmasında da maraqlı olması anlamına gəlir. Əlverişli işgüzar münasibətlər, iqtisadi bağlılıq əlbəttə ki, münasibətlərə də öz müsbət təsirini göstərəcək.
Sözügedən limanın istifadəyə verilməsi sosial sahədə də müxtəlif perspektivlər, uğurlar vəd edir. Beləki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi məşğulluq səviyyəsinə də, yəni işsizliyin səviyyəsinin daha da azaldılmasına öz müsbət təsirini göstərəcək. Bu layihənin reallaşması təbii ki, həm də yeni iş yerlərinin açılması deməkdir. Liman ətrafı ərazilərdə ictimai-iyaşə obyektlərinin, ticarət şəbəkələrinin və digər müəssisələrin də yaradılacağı inkar edilə bilməz və bu da o demıkdir ki, təkcə yük daşımaları sahəsində yox, eyni zamanda digər sahələrdə də yeni iş yerlərinin yaradılacağı gözlənilir. Bu həm də sahibkarlıq subyektlərinin daha da genişlənməsi, dolayısı ilə ölkə iqtisadiyyatında sahibkarlığın xüsusi çəkisinin daha da artması deməkdir.
Beləliklə, son dövrlərdə infrastukturunun modernləşdirilməsi və genişləndirilməsi, beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsi sahəsində atılan addımlar və görülən işlər ölkəmizi regional tranzit mərkəzinə çevirib desək yanılmarıq. Bu baxımdan qarşıda hələ daha gərgin işlərin, müxtəlif layihələrin də ortaya çıxacağı da gözlənilir. Azərbaycanın iqtisadi qüdrəti, uğurlu siyasəti, reallaşdırılan işlər yeni-yeni layihələrin yaranmasına zəmin yaradır və bu gedişlə ölkəmizin tezliklə bir yeni çox layihələrə də, uğurlara da imza atacağı günün reallığıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB