Bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır TƏHLİL

Bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır TƏHLİL

Prezident İlham Əliyev: "Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, biz bundan sonra da həmişə inkişaf və tərəqqi yolu ilə gedəcəyik"

Bu gün Azərbaycanda proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf tam təmin edilir və bir çox sosial layihələr icra olunur. Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə dövlət başçısı, bir daha bəyan etdi ki, Azərbaycan bütün istiqamətlərdə uğurla inkişaf edir. Bu inkişafın təməlində Ulu Öndər Heydər Əliyev siyasəti dayanır: "Biz bu siyasətə sadiqik, biz tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik. Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, biz bundan sonra da həmişə inkişaf və tərəqqi yolu ilə gedəcəyik". Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, ölkəmizdə bütün sosial layihələr uğurla icra edilir: "Heç bir sosial layihədə heç bir yubanma yoxdur. Hətta bizim üçün o qədər də asan olmayan, əvvəlki böhranlı illərdə də sosial layihələr tam miqyasda icra edilmişdir". Həqiqətən də son illər Azərbaycanda bir dənə də olsun sosial layihə təxirə salınmayıb. Dövlət başçısının şəxsən nəzarət etdiyi bu layihələr tam miqyasda icra edilib. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının son 15 ildə Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara və yeni dövrün reallıqlarına uyğun yaradıcılıqla davam etdirilməsi ölkə həyatının bütün sahələrində heyrətamiz tərəqqinin əldə olunmasına səbəb olub. Həyata keçirilən ardıcıl islahatlar sayəsində ölkəmiz özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda uğurlu addımlar atıb.

Hətta iqtisadi böhran fonunda öz inkişaf tempini qoruyub- saxlaya bilən Azərbaycan nəzərdə tutulmuş bütün ümummilli proqramların, qlobal enerji və nəqliyyat layihələrinin icrasını uğurla başa çatdırmağa müvəffəq olub. Sevindirici haldır ki, hazırda beynəlxalq maliyyə qurumları, bir sıra mötəbər təşkilatlar da Azərbaycanda gedən inkişaf və tərəqqi meyillərini, birmənalı olaraq, etiraf edir və yüksək qiymətləndirirlər.

Bütün sahələrdə tam şəffaflığın yaradılması üçün daim aidiyyəti qurumlara ciddi tapşırıqlar verən dövlət başçısı bildirdi ki, hazırda baş verən hadisələri izləyərkən, bir daha dünyada sosial sahədə pozuntuların olduğu hər kəsə bəlli olur. Bu sahəyə diqqətin göstərilməməsi və xoşagəlməz halların kütləvi xarakter alması böyük çətinliklərə, problemlərə və toqquşmalara gətirib çıxarır. Lakin Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində biz uğurla inkişaf edirik".

Prezident İlham Əliyev bildirir ki, bu gün Azərbaycanda məktəblərin, xəstəxanaların, sosial obyektlərin tikintisi, insanların maddi vəziyyətinin yaxşılaşdırılması və infrastrukturla bağlı olan layihələrin icrası davam etdirilir. Dövlət başçısı hər bir rayonda və hər bir kənddə bu məsələlərə xüsusi diqqət göstərildiyini vurğuladı. Son 15 ildə ölkəmizdə 642 tibb müəssisəsi, 43 Olimpiya-idman kompleksi, 443 körpü-tunel, 3100-dən çox məktəbin inşa edilməsi, 265 min köçkünün yeni evlərlə, mənzillərlə təmin olunması, 30 elektrik stansiyası, 4 su anbarı və 7 aeroportun tikilməsi, qazlaşdırmanın 93 faizə, fasiləsiz içməli su ilə təminatın 26 faizdən 67 faizə çatması, bütün deyilənləri bir daha təsdiqləyir ki, ölkədə heç bir sosial layihə təxirə salınmayıb. Əldə edilmiş nəticələr və bu ilin uğurlu göstəriciləri də, tam deməyə əsas verir ki, Azərbaycan bu düzgün yolla addımlayır və bu günə qədər həllini tapmayan məsələlər yaxın gələcəkdə öz həllini tapacaq.

Azərbaycan dövlətinin möhkəm əsaslar üzərində qurulduğunu söyləyən Prezident İlham Əliyev vurğuladı ki, dövlət iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edir. Ancaq bununla bərabər, sosial məsələlərin həllinə çox böyük diqqət göstərilir. Məhz bunun nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür və xalq-iqtidar birliyi gündən-günə möhkəmlənir. Bu gün Azərbaycan inkişaf, sabitlik və xalq-iqtidar birliyi baxımından dünya miqyasında nümunəvi ölkəyə çevrilib. Danılmaz həqiqətdir ki, siyasi sabitlik və qarşılıqlı inam olmayan yerdə sürətli inkişafa nail olmaq mümkün deyil. Cənab İlham Əliyev bu amili klassik şəkildə dəyərləndirərkən, qeyd edib ki, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf da olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq və sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir. Ölkənin ümumi sosial-iqtisadi inkişafı da çox müsbətdir: "Üç ayın göstəriciləri bizi çox sevindirir. İndi bir neçə gündən sonra dörd ayın yekunları da veriləcək. Əminəm ki, biz dinamikanı nəinki saxlayacağıq, həm də artıracağıq. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir. Sosial məsələlərin həllinə gəldikdə, bu günə qədər bir çox sosialyönümlü layihələr həyata keçirilibdir. Bu layihələrin həyata keçirilməsi davam etdiriləcək".

Bütün bu məsələlərə şəxsən nəzarət edən dövlət başçısı, hər il olduğu kimi, bu il də verdiyi tapşırıqların icrası ilə yerində maraqlanır, yeni-yeni obyektlərin açılışlarını edir və əhali ilə görüşərək, problemlərlə maraqlanır. Bu da xalq-iqtidar birliyinin bariz təcəssümüdür. Bu, bir həqiqətdir ki, Azərbaycan 15 ildir ki, Cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru inamla addımlayır. Məhz buna görə xalq aprelin 11-də yenidən Ulu Öndər Heydər Əliyevin layiqli davamçısına etimad mandatı verdi. Verdiyi bütün vədlərə sadiq qalaraq Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Cənab İlham Əliyev xalqının alternativsiz lideri olduğunu öz fəaliyyəti ilə sübuta yetirib. Son 15 ildə qazanılan nailiyyətləri isə yalnız biz deyil, beynəlxalq reytinq təşkilatları, biznes qurumları da öz hesabatlarında göstərirlər. Dövlət başçısı isə bu nailiyyətləri dəyərləndirərkən, qeyd edib ki, bütün bunlar verilən vədlərin uğurla reallaşması nəticəsində baş verib: "Bizim bütün planlarımız həyata keçirilir. Verdiyimiz bütün vədlər yerinə yetirilir. Son 15 il ərzində bir dənə də yerinə yetirilməyən vəd olmamışdır. Bu gün Azərbaycanın reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. Bu yolla uğurla gedəcəyik".

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə