ARDNŞ yeni qurğusunu təqdim edib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Baş ofisində "MODCON-Sistems" LTD və "Dalğa" firması tərəfindən hazırlanmış qazpaylama qurğusunun təqdimatı keçirilib. Şirkətin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müasir elektron cihazlar, lokal idarəetmə sistemi ilə təmin olunan qurğunun layihələndirilməsində ARDNŞ-nin mütəxəssisləri də yaxından iştirak ediblər. Bildirilib ki, "Azneft" İstehsalat Birliyi üzrə fəaliyyətdə olan quyuların 16,6%-i qazlift üsulu ilə istismar olunur və ümumi neft hasilatının 64%-i həmin quyuların payına düşür.

Quyuların qazlift üsulu ilə texniki-texnoloji cəhətdən səmərəli və təhlükəsiz istismarının təmin edıməsi üçün qazpaylama qurğularının konstruksiyasının optimallaşdırılmasının, xüsusən idarəetmə proseslərinin avtomatlaşdırılması və kompyuterləşdirilməsinin vacib əhəmiyyəti vardır. Bu baxımdan Azərbaycanda müasir tələblərə cavab verən qazpaylama qurğularının istehsalı perspektivli sayılır. Təqdimatda qeyd edilib ki, 4 quyu üçün nəzərdə tutulan qazpaylama qurğusu quyulara verilən qazın təzyiq və sərfini tələb olunan hədlər daxilində avtomatik olaraq tənzimləyir, işçi parametrlər kompüter sisteminə ötürülür.

Quyuların hər hansı birində texnoloji proses pozularsa, həmin quyuya qazın verimi saxlanılır, digər quyuların işi isə normal qaydada davam etdirilir. Qurğunun idarəetmə sistemi "MODCON-Sistems" LTD tərəfindən hazırlanıb. Bu şirkət dünyada ən müasir sertifikatlaşdırılan texnologiyalara əsaslanan müxtəlif avtomatlaşdırma xidmətləri həyata keçirir. Təqdimat mərasimində ARDNŞ mütəxəssisləri tərəfindən qurğunun tətbiq ediləcəyi quyuların texnoloji rejim parametrlərindən asılı olaraq, müxtəlif işçi parametrlərə müvafiq variantlarda hazırlanmasının məqsədəuyğunluğu qeyd olunubvə digər mədən avadanlıqları ilə birgə səmərəli istifadəsinin təminatı üçün konkret təkliflər verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə