Neftin qiyməti 100 dolları keçə bilər

Neftin qiyməti 100 dolları keçə bilər

ABŞ Mərkəzi Bankının son təşviq paketindən sonra dolların dəyərini itirməsi xam neft qiymətlərinin yüksəlməsi ilə nəticələnib. SİA-nın məlumatına görə, "BusinessWeek" qəzeti neft qiymətlərinin bir il ərzində100 dollara qalxa biləcəyini yazıb.

 

Qəzetin yazdığına görə, neftin bir barelinin ilin böyük bir hissəsində 78 dollar ətrafında olması mis, qızıl, pambıq kimi əmtəə qiymətlərinin rekord səviyyəyə yüksəlməsinə səbəb olub. Qlobal iqtisadi inkişaf neftə olan tələbin artmasını təmin edəcək qədər olmadığından, ABŞ-dakı neft anbarlarında böyük ölçülü azalma müşahidə edilməyib və Səudiyyə Ərəbistanı tədarükün azalmaması üçün bazarı kifayət qədər neftlə təmin edib.

 

ABŞ-lı banklar, "JPMorgan Chase", "Bank of America-Merrill Lynch" və digərlərinin iqtisadiyyatdakı canlanmanı sürətləndirmək üçün bazara pul axınını davam etdiyi halda, xam neft qiymətlərinin bir il ərzində 100 dollara yüksələcəyi təxmin edilir. ABŞ Mərkəz Bankının 600 milyard dollarlıq yeni varidat alma qərarı isə ABŞ-da faiz nisbətlərini aşağı salaraq dolların daha çox dəyər itirməsinə səbəb ola bilər. İnvestorlar isə bundan sonra böyük qazanc əldə etmək üçün pulunu neft kimi əmtəəyə yönəldə bilər. Ekspertlər hesab edir ki, Mərkəzi Bank bazara daha çox pul daxil etdikcə, investisiyaların əmtəəyə, xüsusilə də enerji sahəsinə axması müşahidə olunacaq. Onlar sentyabr ayından indiyə kimi neftin qiymətinin 17 faiz yüksələrək 86,96 dollara çatdığına da diqqət çəkir.

 

Neftin qiymətinin qalxdığı bir vaxt diqqətlər neft ixrac edən ölkələr təşkilatı OPEC-in atacağı addımlara yönəlib. Mərkəzi Parisdə yerləşən Beynəlxalq Enerji Agentliyi isə gələn il neft tələbinin artacağını və qiymətlərin ən çox 88 dollar səviyyəsinə çıxa biləcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə