Azərbaycan və İran gömrükçüləri Biləsuvarda görüşüblər

Azərbaycan və İran gömrükçüləri Biləsuvarda görüşüblər

Mayın 11-də İranın Biləsuvar şəhərində Azərbaycan ilə İranın gömrük orqanlarının əməkdaşları görüş keçirib.

İranın Baş Gömrük İdarəsinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Hüseyn Kaxəki və Azərbaycan Dövlət Gömrük Komitəsinin Fəaliyyətlərin Qiymətləndirilməsi və İnkişafı baş idarəsinin rəisi İqbal Babayevin rəhbərlik etdikləri nümayəndə heyəti arasında keçirilən görüşdə bəzi gömrük-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi məsələsi müzakirə edilib.

H.Kaxəki İRNA agentliyinə verdiyi müsahibədə deyib ki, İran qonşu ölkələr ilə iqtisadi əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycan ilə İran yaxın qonşu və dost dövlətlərdi. Ona görə də Biləsuvar və Astara gömrük-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi hər iki dövlətin iqtisadi maraqlarına cavab verir.

Onun sözlərinə görə 24 saatlıq iş rejimi hər iki ölkənin sərhəd rayonlarında yaşayan əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına təkan verəcək və turizm sənayesinin inkişafına töhfə olacaq.

Tərəflər bütün məsələlərin aydınlaşdırılması və məntəqələrdə 24 saatlıq iş rejiminin təmin edilməsi üçün görüşlərin və müzakirələrin davam etdirilməsi barədə razılıq əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə