Qubada “İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri” mövzusunda Konfrans keçirilib

Qubada “İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri” mövzusunda Konfrans keçirilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə "İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri" mövzusunda sayca 6-cı Konfrans noyabrın 11-də Quba şəhərində keçirilib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, Konfransı giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib ki, dövlət başçısı tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında davamlı inkişaf təmin olunmuş, Azərbaycan iqtisadi artım tempinə görə dünyada lider dövlətlərdən birinə çevrilmiş, əhalinin sosial rifahı daha da yaxşılaşıb.

Zahid İsayev bildirib ki, Dövlət Xidməti tərəfindən keyfiyyətsiz məhsulların satışının qarşısının alınması, istehlakçıların və sahibkarların maarifləndirilməsi istiqamətində bir sıra tədbirlərin görülməsinə baxmayaraq, istehlak bazarında hələ də keyfiyyətsiz məhsulların satılması hallarına rast gəlinir.

Tədbirdə bildirilib ki, Dövlət Xidməti tərəfindən bu ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 4 adda 40 min ədəd, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 9500 ədəd buklet çap edilərək sahibkarlara və istehlakçılara paylanıb. Bu istiqamətdə tədbirlər hazırda da davam etdirilir.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr", "Qüsurlu mal satılarkən istehlakçının hüquqlarının təmin edilməsində sahibkarların vəzifələri", "İstehlakçı hüquqlarının pozulmasına görə məsuliyyət", "İstehlakçıların keyfiyyətli və təhlükəsiz mallarla təmin edilməsində sahibkarların vəzifələri" mövzularında məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Tədbirdə istehlakçı hüquqlarına dair müxtəlif broşurlar və yaddaş kitabçaları paylanıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların hüquqlarının qorunması, keyfiyyətsiz məhsulların satışının qarşısının alınması, eləcə də istehlakçıların və sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə