Rusiyalı turistlər “Yaşıl çay” fermer təsərrüfatında

Rusiyalı turistlər “Yaşıl çay” fermer təsərrüfatında

Aprelin 30-da Rusiyadan olan bir qrup turist “Yaşıl çay” FT MMC-də olublar qonaqları müəssisənin rəhbəri Araz Yağubov qarşılayıb. SİA-nın məlumatına görə, o, turistləri salamlayaraq təsərrüfat barədə ətraflı məlumat verib. Bildirib ki, sovetlər dönəmində Azərbaycanda ilk çayçılıq təsərrüfatı İstisu qəsəbəsində olub. Lakin durğunluq illərində həmin plantasiyalar sıradan çıxıb. Hazırda ölkə rəhbərliyinin böyük diqqət ayırdığı aqrar sahə, o cümlədən çayçılıq yenidən inkişaf dövrünü yaşayır. 2006-cı ildə yaradılan “Yaşıl çay” fermer təsərrüfatının 150 hektara yaxın torpaq sahəsi vardır. 2011-ci ildən başlayaraq burada yüksək məhsuldarlığı ilə seçilən “Kolxida” sortundan ibarət çay plantasiyaları salınıb. Hazırda 70 hektarda çay plantasiyası mövcuddur. Təsərrrüfatda 2015-ci ildən başlayaraq seçmə üsulu ilə çay yarpağı yığımı aparılır. Təsərrüfat başçısı çay yığımı, növləri və emalı barədə məlumat verib. “Kolxida” sortunun “Hind-Çin” sortundan həm məhsuldarlığı, həm də yarpaqlarında tanin maddəsinin çox olması ilə fərqləndiyini xüsusi qeyd edib. O, plantasiyalara qulluq zamanı kimyəvi vasitələdən istifadə edilmədiyini, mineral gübrələr əvəzinə üzvi gübrələrdən daha çox istifadə edildiyini, bu səbəbdən də burada yetişdirilən çay yarpağının ekoloji cəhətdən təmiz olduğunu, hazırda təsərrüfatın emal sexində 16 növdə çay istehsal edildiyini diqqətə çatdırıb.

Qonaqların suallarını cavablandıran Araz Yağubov ölkəmizdə aqrar sahənin inkişafı üçün hər cür şəraitin yaradıldığını bildirib. Vurğulayıb ki, dövlətimiz torpaq sahiblərini torpaq vergisindən savayı, bütün vergilərdən azad edib. Həmçinin hər əkilən hektara görə fermerlərə subsidiyalar verilir, alınan mineral gübrələrə, yanacağa 70 faiz güzəşt tətbiq edilir. “İnvestisiya təşviqi sənədi”nin verilməsi ilə sahibkar bütün vergilərdən azad edilir. Çay haqqında xüsusi dövlət proqramı qəbul edilib.

Daha sonra rusiyalı qonaqlar təsərrüfatın tut plantasiyası və bu il istifadəyə verilən müasir kümxana ilə tanış olublar.Qonaqlar və onları müşaiyət edən Lənkəran turizm informasiya mərkəzinin direktoru İlqar Əzimov təsərrüfat rəhbərinə göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Sonda qonaqlarla plantasiya önündə xatirə şəkili çəkdirilib.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə