ARDNŞ 82 gəncin xaricdə təhsil almasını təmin edir

ARDNŞ 82 gəncin xaricdə təhsil almasını təmin edir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Xaricdə mütəxəssislərin hazırlanması üzrə komissiyasının növbəti iclası olub. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində 2009-2010-cu tədris ilində Avropanın aparıcı universitetlərində təhsillərini başa vuran bir qrup məzun təhsil müddətində qazandıqları bilik və təcrübə haqqında təqdimat keçirib. Qeyd olunub ki, indiyədək ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində xaricə göndərilən 37 məzun təhsillərini müvəffəqiyyətlə başa vuraraq Vətənə qayıdıb və şirkətin müxtəlif idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunub.

İclasda xaricdə təhsillərini başa vuran ARDNŞ təqaüdçülərinin hesabatları dinlənilib. Məzunlar təhsil müddətində əldə etdikləri biliklər, eyni zamanda yazdıqları diplom işlərinin mahiyyəti barədə Komissiya üzvlərinə ətraflı məlumat verib, onların suallarını cavablandırıblar. Bildirilib ki, keçirilən təqdimatların nəticəsi olaraq, ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində xaricdə təhsillərini başa vuran məzunların müvafiq işlə təmin olunmasına dair qərar veriləcək.

Xatırladaq ki, Dövlət Neft Şirkətinin Təqaüd Proqramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 2006-cı ildən uğurla həyata keçirilir. Hazırda Proqram çərçivəsində 82 gənc dünyanın aparıcı universitetlərində ali təhsillərini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə